850 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 21-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı açıqlayıb.

İdarədən AZƏRTAC-a bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyulun 21-i saat 00:00-dan iyulun 22-si saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 775 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 75 nəfər olmaqla ümumilikdə 850 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu müddətdə Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 40-ı rayon, 75-i paytaxt istiqamətinə olmaqla 115, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 20-i rayon, 50-i paytaxt istiqamətinə olmaqla 70, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyindəki keçid postundan 60-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 125 avtomobil geri qaytarılıb. Ümumilikdə 310 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

ƏvvəlkiRusiya XİN: Madrid prinsipləri Qarabağ danışıqları masasında olmalıdır
NövbətiKoreyadan Azərbaycana gətirilmiş tibbi maskaların təhvil-təslim mərasimi keçirilib