Zəfər Günü münasibətilə DSX-nin bütün hərbi hissə və bölmələrində bayram konsertləri təşkil olunur

8 noyabr – Zəfər Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində təntənəli tədbirlər keçirilir, şəxsi heyət üçün bayram konsertləri təşkil olunur.

Qurumun mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, DSX-nin rəhbər heyəti II Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə ucalmış Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunaraq məzarları üzərinə gül dəstələri düzülüb.

Tədbirlərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan Respublikasının parlaq qələbəsi ilə başa çatdığı xüsusi vurğulanıb.

Vətən müharibəsi, sentyabrın 12-13-də hadisələri və antiterror tədbirləri zamanı DSX-nin qarşısında Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əməliyyatlarda Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət nümunələri göstərmələri qeyd edilib.

İkinci Qarabağ savaşında həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, yurdumuzun bütövlüyü uğrunda şəhadətə yüksəlmiş oğullarımızın adlarının hər zaman ehtiramla yad ediləcəyi, əcdadlarımızın qəhrəmanlıq ənənələrindən ilhamlanan igidlərimizin müasir tariximizə yazdıqları şücaət dastanlarının gələcək nəsillərə örnək olacağı, onların qoyduğu mirasın Vətənə sevginin və sədaqətin bariz təzahürü olaraq daim uca tutulacağı qeyd olunub.

Vətən müharibəsində, 2022-ci ilin sentyabrında və lokal xarakterli antiterror tədbirlər zamanı işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşən, azad edilmiş torpaqlarda üçrəngli zəfər bayrağımız altında şərəflə xidmət aparan sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını qətiyyətlə təmin edəcəkləri vurğulanıb.

ƏvvəlkiŞuşada işlə təmin edilənlərin sayı açıqlandı
NövbətiAllahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb