“Yoluxucu xəstəliklər və onlardan etibarlı müdafiə üsulları” mövzusunda tədbir keçirilib

Dövlət Miqrasiya Xidməti (DMX) orqanları əməkdaşlarının iştirakı ilə “Yoluxucu xəstəliklər və onlardan etibarlı müdafiə üsulları” mövzusunda tədbir keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, məqsəd Xidmətdə çalışan işçiləri tibb sahəsində tətbiq edilən yeniliklər barədə maarifləndirmək olub.

Tədbirdə DMX-nin tibb müəssisəsinin rəisi vəzifələrini müvəqqəti icra edən Gülnarə Əliyullayeva və tibb müəssisəsinin baş inspektoru-baş həkimi Gülnar Əhmədova müasir dövrdə aktual infeksion xəstəliklər, yeni qrip virusları və onlardan etibarlı müdafiə üsulları barədə məlumat veriblər. Bildirilib ki, infeksion xəstəlikləri bakteriyalar, viruslar, parazitlər, göbələklər kimi mikroorqanizmlər törədir. İnfeksion xəstəliklər hava, su, qan, məişət əşyaları vasitəsilə yoluxa bilər. Hazırda tibb elminin inkişafı, profilaktik tədbirlər, gigiyena, peyvəndlər, tibbi maarifləndirmə nəticəsində bir çox xəstəliklərin tam müalicəsinə nail olunub.

Qeyd edilib ki, yoluxucu xəstəliklərin ötürülməsinin qarşısını almaq üçün gigiyena qaydalarına əməl edilməsi, tibbi alətlərin mütləq sterilləşdirilməsi, eləcə də donor qanının yoxlanılması vacibdir.

Sonda Xidmət əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

ƏvvəlkiAzərbaycanda qanunsuz ov edən ərəblər saxlanılıb
NövbətiAzərbaycan samboçusu dünya çempionatında bürünc medal qazanıb