YAP Gəncə şəhər təşkilatında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

YAP Gəncə şəhər təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Anım tədbirində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə təşkilatın foyesində Xocalı faciəsinə həsrolunmuş foto-guşə ilə tanış olublar.

Soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirini giriş sözü ilə açan millət vəkili Naqif Həmzəyev bildirib ki, 613 günahsız insanın, o cümlədən 63 uşağın vəhşicəsinə öldürüldüyü Xocalı qətliamı Azərbaycan xalqının yaddaşından heç bir zaman silinməyəcək. Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verildiyini vurğulayan Naqif Həmzəyev 27 ildir erməni silahlıları tərəfindən Xocalıda törədilən faciə qurbanlarının xatirəsini yalnız ölkə daxilində deyil, onun hüdudlarından uzaqlarda da qeyd edildiyini
bildirib.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova Xocalı faciəsi haqqında danışaraq, dinc əhaliyə, xüsusilə də uşaqlara, yaşlılara və qadınlara qarşı amansız şəkildə icra edilmiş bu cinayəti törədənlərin beynəlxalq səviyyədə cəzalandırılmasının vacibliyini qeyd edib. Vəfa Abbasova vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası nəticəsində Xocalı soyqırımı barədə həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb.

Xocalı dəhşətlərini öz gözləri ilə görən, ermənilərin törətdikləri qırğınların şahidi olan Xocalı sakini Zülfü Quliyev ürək ağrısı ilə xatirələrini bölüşüb: 27 il keçməsinə baxmayaraq o günləri həyəcansız xatırlamaq mümkün deyil. Hadisələri nəql etdikcə boğazı qəhərdən
kilidlənən Zülfü Quliyev tariximizə yazılan bu qanlı hadisənin gənc nəsil tərəfindən hər zaman yad edilməsinin vacibliyini vurğulayıb.

ADAU-nun ictimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov, Gəncə Dövlət Universitetinin dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarov, YAP Gəncə şəhər Təşkilatı ideoloji şöbənin müdiri Hüseyn Budaqov, Tibb kollecinin müəllimi Məhəbbət Hunvarlı və digərləri çıxış edərək bildiriblər ki, Xocalıda baş vermiş faciə heç vaxt unudulmamalı və zaman-zaman xatırlanmalıdır.

Xocalı faciəsini Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri kimi dəyərləndirən natiqlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğal altında olan torpaqlarının tezliklə azad ediləcəyinə əminliklərini ifadə ediblər.

ƏvvəlkiHelsinki Komissiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
NövbətiAzərbaycan və Qazaxıstan Dəmir Yolları arasında əməkdaşlıq məsələləri müzakirə olunub