Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay düşərgəsi təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət üzrə sifarişi əsasında Ağcabədi rayonunda fəaliyyət göstərən günərzi qayğı mərkəzi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ənənəvi yay düşərgəsi təşkil olunub.

Nazirlikdən Lent.az -a bildirilib ki, mərkəzin xidmətlərindən istifadə edən 30 uşaq Qəbələ rayonunda təşkil edilmiş yay düşərgəsində istirahət ediblər. İstirahət müddətində uşaqlar üçün Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzinə, habelə “Qəbələnd” əyləncə və istirahət mərkəzinə, Nohur gölə səyahətlər, əyləncəli və inkişafetdirici oyunlar da təşkil olunub.

Ağcabədi rayonundakı günərzi qayğı mərkəzi uşaqların inkişafı, yerli icma səviyyəsində sosial uyğunlaşma və inteqrasiya hüquqlarının təmin edilməsi, çətin həyat şəraitində olan ailələrə və uşaqlara dəstək verilməsi, həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədilə yaradılıb. Burada uşaqların fərdi ehtiyaclarına və bacarıqlarına uyğunlaşdırılmış kompleks sosial xidmətlər göstərilir. Mərkəzdə məktəbəqədər (3-6 yaş arası) və məktəb yaşlı (7-12 yaş arası) uşaqlardan ibarət iki qrup üzrə ümumilikdə 30 uşağa xidmət göstərilir. Onlardan 30%-i sağlamlıq imkanları məhdud uşaqlardır.

Əvvəlki“Azəriqaz” avtomobilin qaz borusu təmir olunan quyuya düşməsi faktı ilə bağlı məlumat yayıb
NövbətiBu gün bu yollarda rənglənmə işləri aparılacaq