Xaçmazda şəhidin xatirəsinə inşa olunan bulaq kompleksi istifadəyə verilib

Xaçmaz rayonunun Bayoba kəndində 44 günlük Vətən müharibəsində şəhid olan gizir Vahid Baxşıyevin xatirəsinə inşa olunan bulaq kompleksi istifadəyə verilib.

“Report”un Şimal bürosunun xəbərinə görə, mərasimdə rayon rəhbərliyi, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları kənd qəbristanlığında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Bulaq kompleksinin açılışında çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan ordusu üzərində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, V.Baxşıyev və bütün şəhidlərin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Mərasimdə V.Baxşıyevin şərəfli həyat yolundan söhbət açılıb. Bildirilib ki, o, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Kəşfiyyatçı gizir oktyabrın 30-da yanında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamları ilə V.Baxşıyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

ƏvvəlkiFazil Məmmədovun cənazəsi Azərbaycana gətirilib
NövbətiPrezident İlham Əliyev Zirə qəsəbəsində zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak edib