Xaçmazda ictimai şuraların ictimai iştirakçılıqda rolu barədə dəyirmi masa keçirildi

Son dövrlər ölkəmizdə ictimai iştirakçılığın inkişaf etməsi qarşıya qoyulan məqsədlərdən biridir. Buna görə də dövlət qurumları yanında təsis edilən ictimai şuraların sayı artmaqdadır. Paytaxt Bakıda ictimai şuraların fəaliyyəti nəzərə çarpsa da, regionlarda bu institutun hələ inkişaf mərhələsinə qədəm  qoyduğunu demək olmur.

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin “Şimal regionunda ictimai şuraların ictimai iştirakçılıqda rolu və ictimai mexanizimlərin təkmilləşməsinin birgə müzakirəsi” adlı layihəsi çərçivəsində keçirilən Dəyrmi Masanın məqsədi məhz regionlarda ictimai şuraların fəaliyyəti ilə bağlı idi.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Xaçmaz rayonu Heydər Əliyev Mərkəzində baş tutan tədbiri Xaçmaz Rayon İcra Hakimiyyətinin İctimai – Siyasi və Humanitar Məsələlər Şöbəsinin baş məsləhətçisi Tariyel Didarov açıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tariyel Didarov bildirib ki, Prezident İlham Əliyev Azərbaycanda demokratiyanın, vətəndaş cəmiyyətinin inkişafı məqsədilə mühim sərəncamlar verib. İcra nümayəndəsi bu istiqamətdə görülən işlərə, keçirilən tədbirə görə İctimai Birliyin üzvlərinə öz təşəkkürünü bildirib.

Sonra isə layihənin eksperti Şaban Nəsirov layihənin məqsədini açıqlayıb. Bildirib ki, 2020-ci ildən etibarən ictimai şuraların inkişafı ilə bağlı işlər sürətləndirilib: “Cənab Prezidentin bu məsələdə əsas məqsədi odur ki, vətəndaş cəmiyyətinin dövlət qurumlarına inteqrasiyası baş tutsun. İctimai şuralar vətəndaşlarla dövlət qurumları arasında ötürücü rolu oynasın ki, yaranan problemlərin qurumlara çatdırılması sürətlənsin. Hər rayonun öz spesifik xüsusiyyətləri var və rayonlarda yaranan ictimai şuralar öz fəaliyyətlərini bu xüsusiyyətlərə uyğun qurmalıdırlar. Bilirik ki, rayonlarda yaranan problemlər zamanı vətəndaşlar fərdi qaydada bu problemlərin həllinə çalışırlar. Bu baxımdan ictimai şuralarla bağlı maarifləndirmə işlərinə ehtiyac görürük”.

Şaban Nəsirov qeyd edib ki, ictimai şura təcrübəsi böyük deyil və bu baxımdan da problemlərin olması təbiidir: “İctimai şuraların əllərində inzibati imkanlar yoxdur, onlar öz işlərini tövsiyyə, nəzarət xarakterli qura bilərlər. Qanun layihələrinin müzakirələrində fəal iştirak edərək, təkliflərini bildirə bilərlər”.

Ekspertin mövqeyinə görə, ictimai şuralarla bağlı çatışmazlıqlardan biri də elektron vasitələr üzərində işin təşkili ilə bağlıdır: “Çalışmaq lazımdır ki, ictimai şuraların sosial şəbəkələrdə, icra hakimiyyətlərinin saytlarında öz səhifələri olsun. Burada görülən işlərlə, planlarla bağlı məlumatlar, əlaqə nömrələri yer almalıdır ki, ictimai şuralar vətəndaşlar üçün əlçatan olsun”.

Şaban Nəsirov hesab edir ki, ictimai şuraların seçim müddəti bir qədər artırılmalıdır. Digər tərəfdən isə vətəndaş cəmiyyətinin bu növünün daha səmərəli fəaliyyət göstərməsi üçün dövlət büdcəsindən maliyyənin ayrılması məqsədəuyğun olar.

İctimai Birlik təmsilçisi qeyd edib ki, mövcud durumda ictimai şuraların başlıca vəzifəsi şəhid və qazi ailələrinə diqqət göstərməkdir.

Xaçmaz rayon İcra Hakimyyəti yanında İctimai Şuranın sədri Məhərrəm Abasov çıxış edərək bildirib ki, ölkədə mövcud olan problemlərin həllində ictimai sektor dövlətə dəstək olmalıdırlar: “Biz yenidən müharibəni gördük, pandemiya şəraitində yaşadıq, kifayyət qədər problemlə üzləşdik. Bu baxımdan da hər kəs, xüssusilə gənclər ictimai cəhətdən fəal olmalı, keçirilən layihələrdə fəal iştirak etməlidirlər”.  O da qeyd edib ki, təmsil etdiyi ictimai şuranın texniki təminatla bağlı problemləri mövcuddur.

Azərbaycan Respublikasının Sahibkarlar və İşəgötürənlər Milli Konfedrasiyasının Xaçmaz regionu üzrə rəhbəri, Xaçmaz rayon Kənd Təssərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Famil Baxışov səfərdə olduğu Almaniyada mövcud olan ictimai nəzarət mexanizmlərindən danışıb.

Daha sonra layihə çərçivəsində keçirilən son Dəyirmi Masada rayonun bəzi sosial problemləri müzakirə olunub.

Sonda Şaban Nəsirov tədbirin təşkilində verdiyi dəstəyə görə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevə və tədbirdə iştirak edən İH-nin nümayəndəsi Tariyel Didarova öz təşəkkürünü bildirib.

ƏvvəlkiBakıda altı ölkədən 33 qadına beynəlxalq “Altın Kadın” mükafatı təqdim olunub
NövbətiSalyan rayonunda əlillərin sosial müdafiəsinin gücləndirilməsi layihəsi həyata keçirildi