X Qlobal Bakı Forumunun vaxtı açıqlanıb

Martın 9-11-də Azərbaycan paytaxtında növbəti beynəlxalq tədbir – X Qlobal Bakı Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Forumun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tviter səhifəsində bildirilib. Qeyd edilib ki, Forumun mövzusu “Dünya bu gün: çağırışlar və ümidlər” olacaq.

Qeyd edək ki, Qlobal Bakı Forumu Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. Forumlarda dünya gündəminin aktual mövzuları, qlobal problemlər müzakirə olunur.

2022-ci ilin iyununda keçirilən IX Qlobal Bakı Forumu “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunmuşdu. Foruma 50-dək ölkədən nümayəndə heyətləri, o cümlədən dövlət başçıları, nazirlər, sabiq prezidentlər, eləcə də beynəlxalq təşkilatların rəhbərləri və yüksəkvəzifəli şəxsləri qatılmışdı.

Xatırladaq ki, dünyanın bir sıra sabiq dövlət və hökumət başçılarının təmsil olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Gəncədə, dahi şairin 870 illik yubiley tədbirləri çərçivəsində təsis edilib.