Xətai rayonunda Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub

Noyabrın 4-də Xətai rayonunda Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Milli Məclisin deputatları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, Milli Müdafiə Universitetinin kursantları, ziyalılar və rayon sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən danışıb, Vətən müharibəsində Xətai rayonundan 67 nəfər Vətən oğlunun şəhidlik zirvəsinə yüksəldiyini bildirib. R.Quluyev Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyib.

Konsertdə tamaşaçılara Heydər Əliyev adına Hərbi İnstitutun beynəlxalq müsabiqələr laureatı olan Hərbi Orkestrinin tanınmış solistlərinin ifaları təqdim edilib, Müzəffər Ali Baş Komandana, Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.

Sonda rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı Xətai Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış film nümayiş etdirilib.

ƏvvəlkiPrezident İlham Əliyev Zirə qəsəbəsində zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak edib
NövbətiMüdafiə Nazirliyində xidməti müşavirə keçirilib