Vyanada Dəmir yolları və rəqəmsallaşma mövzusunda biznes toplantı keçirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın  Türk.az-a verdiyi məlumata görə,Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) təşkilatçılığı ilə “Dəmir yolları və rəqəmsallaşma, Rəqəmsallaşma, böyük datalar və süni intellekt dəmir yolu sənayesini necə dəyişəcəkdir“ mövzusunda biznes toplantısı keçirilib.

Noyabrın 15-də Vyanada Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) təşkilatçılığı ilə “Dəmir yolları və rəqəmsallaşma, Rəqəmsallaşma, böyük datalar və süni intellekt dəmir yolu sənayesini necə dəyişəcəkdir“ mövzusunda biznes toplantısı keçirilib.

Toplantıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Avstriya Federal Dəmir Yolları (ÖBB) SC-nin sədri Andreas Matthe, Avstriya İqtisadiyyat Palatasının vitse-prezidenti Kristof Matznetter, Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) üzvləri, iş adamları və media təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Lanski, Qantsqer və Tərəfdaşları” şirkətinin partnyoru Qabriel Lanski təxminən on il bundan əvvəl əsası qoyulan Ticarət Palatasının iki ölkə arasında həm iqtisadi, həm də mədəni əlaqələrin dərinləşməsində böyük rol oynadığını qeyd edib.

Avstriya İqtisadiyyat Palatasının vitse-prezidenti Kristof Matznetter Azərbaycan və Avstriyanın oxşar cəhətlərinə toxunub, hər iki ölkənin yerləşdiyi regionda mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Avrasiya qitəsində yerləşən Avstriyanın və eləcə də Avropa İttifaqının yaxın gələcəkdə Şərqə daha çox diqqət ayırmalı olduğunu vurğulayan K. Matznetter bildirib ki, Çin bazarı ilə Avropanın quru yolla birləşməsində, hər iki istiqamətdə yük daşımalarının həyata keçirilməsində Azərbaycan üzərindən keçən marşrutlar mühüm əhəmiyyət daşıya bilər.

Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov tədbirdə çıxış edərək, Azərbaycanda həyata keçirilən mütərəqqi islahatlar çərçivəsində qeyri-neft sektorunun prioritet sahələrindən biri olan dəmir yolu nəqliyyatı sisteminin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, daşımaların təhlükəsizliyinin artırılması, respublikamızdan keçən nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi başlıca proiritetlərdən biridir.

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şərq-Qərb” “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri və bu dəhlizlərin Avropaya yüklərin daşınmasında oynaya biləcəyi rol barədə danışan C. Qurbanov strateji mövqedə yerləşən Azərbaycanın Avropa ölkələri üçün etibarlı və ciddi tərəfdaş olduğunu vurğulayıb.