“Virtual əlaçı” bilik yarışmasına start verilir

Aprelin 15-dən “Virtual məktəb” portalında “Virtual əlaçı” bilik yarışmasına start verilir. Məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.

Yarışmada iştirak etmək üçün portalda “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez düzgün cavab vermiş ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək.

“Virtual əlaçı” bilik yarışmasının hər həftə təşkili nəzərdə tutulur.

Qeyd edək ki, yaxın zamanlarda “Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Belə ki, hazırda müəllimlərin portalda mərhələli şəkildə qeydiyyatı həyata keçirilir.

Portalda qeydiyyatdan keçmək üçün virtual.edu.az saytına daxil olub, e-poçt və SMS vasitəsilə göndərilmiş rəqəm @student.edu.az istifadəçi adı və şifrədən istifadə etmək lazımdır. İstifadəçi adı və şifrəni itirmiş şəxslər yenidən virtual.edu.az saytında qeydiyyatdan keçməklə şəxsi hesablarını bərpa edə bilərlər. “Virtual məktəb” portalında qeydiyyat və istifadə üzrə çətinlik çəkən şagirdlər və onların valideynləri texniki dəstək üçün teams@tsii.edu.az e-poçt ünvanına müraciət edə bilərlər.

Nəzərinizə çatdıraq ki, “Virtual məktəb” layihəsinə aprelin 2-də Təhsil Nazirliyi tərəfindən start verilib. Aprelin 14-dək ölkənin 65 şəhər və rayonundan 250 min şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçib. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunur. Sözügedən portal vasitəsilə şagirdlər həftəiçi teledərslərdə tədris olunan mövzulara əsasən hazırlanmış ev tapşırıqlarını yerinə yetirir, video dərsləri izləyə bilir, əlavə tədris resurslarından faydalanır və həmyaşıdları ilə fikir mübadiləsi apara bilirlər.

ƏvvəlkiTürkiyədə koronavirusdan ölənlərin sayı 1 500-ü keçdi
NövbətiÖlkəmiz koronavirus pandemiyasından az itkilərlə çıxmaq əzmindədir