Vətəndaş cəmiyyəti üzrə ixtisaslaşmış jurnalistlərə ehtiyac var – Rəy

Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və inkişafı istiqamətində həm dövlət, həm də qeyri-dövlət səviyyəsində xeyli işlər görülsə də, bu sahədə həlli vacib olan xeyli problemlər qalmaqdadır. Onlardan biri də QHT və media arasında əməkdaşlığın gücləndirilməsidir. İctimai maraqları müdafiə edən bu institutlar arasında bəzi hallarda bağlar qırılır, yaxu da çox zəif əlaqələr mövucd olur. Belə olan halda nə QHT-lər, nə də media qarşıya qoyduqları məqsədə, hədəfə çata bilmirlər.

Problemi aradan qaldırmaq üçün hansı addımlar atmaq lazımdır? QHT və media üzrə peşəkarlarla çıxış yollarını axtarmağa çalışdıq.

Dilarə Əliyeva adına Qadın Huquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu heç vaxt media ilə əməkdaşlıqda problem yaşamadığını bildirdi: “Elə bir redakdiya yoxdur ki, orada mənim dostum, yaxşı münasibətdə olduğum jurnalist olmasın. Azərbaycanın fəal jurnalistlərinin 99 faizi məni tanıyır. Çünki mən 30 ildən çoxdur ki, aktiv ictimai-siyasi fəaliyyətlə məşğul oluram. Mən həmişə jurnalistləri təmənnasız müdafiə etmişəm. Onlar həbs olunanda, zorakılığa, təzyiqə məruz qalanda yanlarında olmuşam. Fərqi yoxdur, iqtidar ya müxalifət jurnalisti olsun. Hər bir QHT rəhbəri jurnalistlərə qarşı diqqətli olmalı, onlarla əməkdaşlıq etməlidir. Bu mənada bizim media ilə əməkdaşlıqda problemimiz olmayıb. Həyata keçirdiyimiz layihələr, tədbirlər jurnalistlər tərəfindən maraqla qarşılanıb. Azərbaycanın QHT sektorunda bəlkə də məndən çox jurnalistlərə açıqlama, müsahibə verən şəxs yoxdur. Mən jurnalistlərimizdən çox razıyam, onlardan inciməyə haqqım yoxdur”.

N.Cəfəroğlu əlavə etdi ki, media ilə əməkdaşlıqdan narazı olan QHT-lər əsasən yeni yaranan, böyük layihələr həyata keçirməyən və ya vaxtında jurnalistlərin pozulmuş hüquqlarının müdafiəsinə qalxmayan təşkilatlar və onların rəhbərləridir: “Gərək QHT-lər özlərini təsdiqləsinlər. Heç bir jurnalist tanınmayan QHT-nin sədrinə zəng vurub onun mövqeyini öyrənməyəcək. Biz əvvəllər jurnalistləri rayonlara aparırdıq, problemlərlə tanış edirdik. Heç vaxt onlara “bunu yazmaq olmaz”, “bunu yazın” demirdik. Nə görürdülərsə, onu da yazırdılar. QHT-lərin hər bir redaksiyada azı bir nəfər dost jurnalisti olmalıdır ki, istədiyi vaxt onlara zəng edib məlumat verə bilsin. QHT-lər qrant layihələrinin büdcəsindən jurnalistlərə də vəsait ayırmalıdırlar. Onlar az maaş alırlar. Biz onlara dəstək olmalıyıq. Layihələrimizə cəlb etməliyik. Ümumiyyətlə, layihə yazanda jurnalistləri nəzərə almalıyıq”.

N.Cəfəroğlu QHT-ləri fəal olmağa çağırdı: “Mən başa düşürəm ki, QHT-lərlə bağlı məhdudiyyətlər var, onlar xarici donot təşkilatlardan qrant ala bilmirlər. Elə təşkilatlar var ki, 50-100 minlik qrantlar həyata keçiriblər. Özü də mətbuatdan xəbərsiz. Jurnalistlər sonradan bu barədə xəbər tutanda təəccübləniblər. Belə hallar baş verdiyi üçün bu gün jurnalistlərimiz QHT-lərə “qrantyeyənlər” adını verirlər. Bir-iki QHT-nin tamahkarlığı ucbatından bütün QHT sektorunun adına xələl gəlir. Gərək QHT öz fəaliyyətində prinsipial, ardıcıl olsun. Mövsümi xarakterli layihələr, fəaliyyətlər ciddi effekt verə bilməz. Düşünürəm ki, bu gün QHT-media əməkdaşlığı sahəsində mövcud problemləri müəyyən etmək üçün geniş toplantının keçirilməsinə ehtiyac vardır. Məsələlər müzakirə edilməlidir, çıxış yolları tapılmalıdır”.

N.Cəfəroğlu etiraf etdi ki, bəzi QHT-lər bir nəfərin üzərində qurulub: “Bir sədr, bir möhrdən ibarət QHT-lərin nüfuzu çox ola bilməz. Azərbaycanda bir çox hallarda sədrin nüfuzu onun rəhbərlik etdiyi təşkilatın nüfuzundan çox olur. Xarici ölkələrdə isə əksinə olur. QHT-lərdə onlarla, yüzlərlə insan çalışır. Sədrlər tez-tez dəyişir. Hər kəs öz bacarığına, aktivliyinə görə qiymətləndirirlir. Xarici ölkələrdə ictimai-siyasi xadimlərin çoxu QHT sektorundan çıxıb. Təəssüf ki, biz də QHT institutu hələ o qədər də inkişaf etməyib və QHT-lərə ictimai münasibət lazım olan, ürəkaçan səviyyədə deyil”.

İctimai Televiziya Yayım Şurasının üzvü, media üzrə ekspert Azər Həsrət hesab edir ki, QHT-media münasibətlərinin hazırkı durumunu qiymətləndirməzdən öncə bir qədər keçmişə ekskursiya etmək lazımdır: “Azərbaycanda bu sektorun qarşılıqlı münasibətlərinin formalaşması müstəqilliyin ilk illərinə təsadüf edir. Müstəqillik dönəmində həm media orqanlarının, həm də QHT-lərin sayı artıb. Vətəndaş cəmiyyəti institutlarının birlikdə görə biləcəyi çox işlər var. Aradan bu qədər vaxt keçməsinə baxmayaraq, QHT-lərlə media arasında münasibətlər istənilən səviyyədə qurula bilməyib. Çox az QHT var ki, onlar işlərini media ilə effektiv qura bilirlər. Amma bir çox QHT-nin media ilə əlaqələri peşəkar səviyyədə deyil. Bəzi QHT rəhbərləri, ekspertlər düşünürlər ki, onlar media üçün vacib, çox əhəmiyyətli personadırlar. Hesab edirlər ki, jurnalistlər onların xəbərlərini, çıxışlarını verməyə borcludurlar. Amma unudurlar ki, Azərbaycanda 4 mindən çox QHT var və media qurumları onların hər birinin xəbərini dərc etsə, onlar oxunaqlı olmazlar. Bu praktiki cəhətdən də mümkün deyil. Bir media qurumu bu boyda QHT sektorunu əhatə edə bilməz. Belə olanda media seçim edir. Aktiv fəaliyyət göstərən, aktual məsələlərə toxunan, maraqlı yanaşmalar, layihələr ortaya qoyan QHT-lərə qapılarını açırlar. Bəzən çox gözəl layihələr həyata keçirən, geniş, peşəkar fəaliyyət göstərən QHT-lərin media və sosial şəbəkələrlə əlaqələri çox aşağı səviyyədə olur. Onların keçirdikləri tədbirlər barədə çox az yazılır, paylaşımlar edilir. Səbəb odur ki, bəzi QHT-lər media və sosial şəbəkələrlə işə o qədər də əhəmiyyət vermirlər. Ya da bu işi qura bilmirlər. Mən özüm də QHT sektorunda yetişmiş insanam və media ilə əməkdaşlığın formalaşmasına xüsusi diqqət ayırmışam. Biz necə etməliyik ki, QHT-lərin gördüyü faydalı işlər barədə daha geniş auditoriya xəbər tutsun, məlumatlansın. Mən həm QHT, həm də media nümayəndəsi olaraq bunun yolunu bilirəm. Mənim bu barədə heç vaxt problemim olmayıb.  Peşəkar QHT fəaliyyətilə məşğul olan adamların bu yöndə bir sıra problemləri var”.

A.Həsrət bildirdi ki, QHT-lərin media üçün hazırladıqları açıqlamalar bəzən çox qeyri-peşəkarcasına hazırlanır: “Dil qaydaları gözlənilmədən, qarmaqarışıq cümlələrdən ibarət açıqlamalar jurnalistlər üçün cəlbedici görünə bilməz. Biz jurnalistlər belə açıqlamaları mediada işıqlandırmadan çəkinirik. Media üçün QHT məlumatlarında bəzən tarix göstərilmir, mahiyyət kənarda qalır, təşkilat haqqında tərifnamə yazılır və s. Açıqlamalar elə olmalıdır ki, biz orada heç bir anlaşılmazlıqla üzləşməyək. Biz QHT-media münasibətlərinin formalaşdırılması, uyğun səviyyəyə çatdırılması üçün seminarlar, təlimlər keçiridik. QHT və media təmsilçiləri bir araya gəlib müzakirələr aparırdıq. Aparılan müzakirələrin çox böyük effekti olurdu”.

Ekspertə görə, QHT-media münasibətlərində naşılıq təkcə QHT sektorunda müşahidə edilmir: “Media da biz qeyri-peşəkarlığın şahidi oluruq. Təəssüflər olsun ki, media sektorunda vətəndaş cəmiyyəti, o cümlədən, QHT-lərlə bağlı yetərincə dolğun bilik və təsəvvürlərə malik olan jurnalistlər o qədər də çox deyil. Elə redaksiyalar var ki, orada vətəndaş cəmiyyətinin problemlərini bilən, onu araşdıracaq müxbirlər ya demək olar ki, yoxdur, ya da natamam biliklərə malikdirlər. Nüfuzlu QHT-ləri, onların rəhbərlərini tanımayan mətbuat işçilərimiz var. Gənc jurnalistlərdən soruşuruq ki, üzdə olan, nüfuzlu siyasətçilərdən, QHT rəhbərlərindən kimləri tanıyırsız, onlardan qaneedici cavab ala bilmirik. Hesab edirəm ki, QHT-media münasibətlərinə dair təlimlər, seminarlar davam etməlidir. Bu məsələdə jurnalist təşkilatları da müəyyən işlər görməlidirlər. Jurnalistikada ixtisaslaşma getməlidir. Təkcə vətəndaş cəmiyyəti üzrə deyil, digər sahələrlə bağlı da ixtisaslaşma getməlidir. Bizdə səhəvi jurnalistika lazım səviyyədə inkişaf etməyib. QHT-lərin özləri də bu sahədə fəallıq göstərməlidir”.

Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyəyə dəstəyi ilə həyata keçirdiyi “QHT – media əməkdaşlığının artırılması üzrə təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.

Əvvəlki“Demokratik İnkişafın Təşviqi” İctimai Birliyi Xaçmaz rayonunda tədbir keçirdi
NövbətiGənclər üçün maarifləndirici təlim yekunlaşdı