Vətən müharibəsi şəhidi Əliağa Məmmədovun xatirəsi anılıb

Oktyabrın 7-də Vətən müharibəsi şəhidi Əliağa Məmmədovun anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Maştağa qəsəbəsindəki Cümə məscidində keçirilən mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbər və işçiləri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak ediblər. Məclis iştirakçıları daha sonra qəhrəmanın məzarını ziyarət edib, üzərinə çiçəklər düzərək, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Ə.Məmmədov 2001-ci il iyulun 26-da Bakının Sabunçu rayonunda anadan olub. O, orta məktəbi bitirdikdən sonra uşaqlıqdan məşğul olduğu cüdo üzrə müxtəlif yarışlarda uğurla iştirak edib, bir sıra turnirlərdə fərqlənib. 2017-2018-ci illərdə 5 nömrəli peşə liseyində “İşıq operatoru” ixtisası üzrə təhsil alıb.

Əliağa Məmmədov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb. Azərbaycan Ordusunun əsgəri olan Əliağa 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 6-da Ağdərə uğrunda döyüşlərdə şəhid olub. Əliağa Məmmədov Maştağa qəsəbəsində dəfn edilib.

ƏvvəlkiYaponiyada zəlzələdə onlarla insan xəsarət alıb
NövbətiOrenburq vilayətində alkoqol zəhərlənməsindən 17 nəfər ölüb