Ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü Vyetnamda qeyd olunub

Azərbaycanın Vyetnamdakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevi vəfatının 17-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Vyetnam Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının rəsmilərinin, Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunlarının və jurnalistlərin iştirak etdikləri tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Anar İmanov Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrün xalqımızın dövlət müstəqilliyinin əldə edilməsi, habelə ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixi olduğunu deyib. Dünyada cərəyan edən siyasi proseslərə və müxtəlif güclərin maraqlarına tam bələd, həmçinin dərin zəka, siyasi uzaqgörənlik və polad məntiqə malik olan ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik təmin olunub, ölkəmizin yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya hazırlanıb. Müasir dövlətimizin banisi Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən xilas edərək ölkəmizə sabitlik, xalqımıza isə firavanlıq qazandırıb.

A.İmanov hazırkı yüksək səviyyəli Azərbaycan-Vyetnam dostluq münasibətlərinin bünövrəsinin məhz Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə qoyulduğunu xatırladıb.

Səfir Ulu Öndərin təməlini qoyduğu siyasətin hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafının təmin olunduğunu və Cənub Qafqaz bölgəsinin lider dövlətinə çevrildiyini bildirib. Anar İmanov bu xüsusda dekabrın 10-da Azərbaycanda Zəfər paradının keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdıraraq, İkinci Qarabağ müharibəsində şanlı Ordumuzun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qələbə qazandığını və ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini bildirib. Səfir Azərbaycanın bu qələbə ilə bölgədə yeni reallıq yaratdığını vurğulayaraq, zəfərin təməlinin 1993-cü iyunun 15-də Heydər Əliyevin Azərbaycanda hakimiyyətə dönüşü ilə qoyulduğunu deyib.

Azərbaycan-Vyetnam Dostluq Assosiasiyasının sədri Nqiem Vu Khai Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərinin əvəzsiz olduğunu söyləyib. O, Heydər Əliyevin Azərbaycan-Vyetnam tarixi dostluq əlaqələrinin təməlini qoyan bir şəxsiyyət olduğunu bildirib. Bakıya səfər edərək Heydər Əliyevin qurduğu Azərbaycanda müşahidə edilən böyük inkişafın şahidi olduğunu qeyd edən Nqiem Vu Khai Azərbaycanı Zəfər münasibətilə təbrik edərək, sülh və tərəqqi arzu edib.

Tədbir iştirakçıları Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və 1983-cü ildə Vyetnama rəsmi səfərini əks etdirən fotosərgi ilə tanış olublar. Səfirliyin təşəbbüsü ilə Vyetnam dilində nəşr olunan Hüseynbala Mirələmovun və Viktor Andriyanovun “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabı tədbir iştirakçılarına təqdim olunub.

Əvvəlki“İcazələrin Alınması və Monitorinqi Sistemi” yenidən aktivləşdirilib
NövbətiAbşeronda traktor qaz xəttini zədələdi