Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Buxarestdə tədbir təşkil edilib

Azərbaycan Rumıniyadakı səfirliyi Buxarestdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi və Azərbaycanın Müstəqillik Günü münasibətilə silsilə tədbirlər çərçivəsində rəsmi qəbul keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon Marçel Çolaku, Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku, Parlamentin Deputatlar Palatasının sədr müavini Vasile-Daniel Suçu, Rumıniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri Simonis Alfred və qrupun üzvləri, Rumıniyanın energetika naziri Virgil Daniel Popescu, Rumıniya Parlamentinin senatorları və deputatları, Rumıniya Baş nazirinin xarici siyasət, təhlükəsizlik və strateji işlər üzrə müşaviri Yulian Kifu, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dimitri Balan, Rumıniyada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, təhsil ocaqlarının professor və müəllimlər, ziyalılar, din xadimləri, tanınmış iş adamları, aparıcı KİV-in, Rumıniyadakı türk və tatar icmalarının nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Tədbirdə Azərbaycan və Rumıniyanın Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov çıxış edərək bu il Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar olaraq ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi və il ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlərin, konfransların təşkil edildiyini deyib.

Ümummilli Lider Heydər Əliyevin bir dövlət xadimi və dahi şəxsiyyət kimi müasir Azərbaycanın qurulmasında əvəzsiz xidmətlərindən danışan diplomat onun Azərbaycan xalqının həmişə maraqlarını qoruduğunu deyib. Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə belə, ideoloji əngəllər çərçivəsində xalqımızın mənafeyini hər zaman müdafiə etdiyini diqqətə çatdırıb. Eyni zamanda, yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ümummilli Lider tərəfindən atılmış bir çox addımların Azərbaycanın müstəqilliyinə hədəfləndiyini qeyd edib.

Daha sonra mayın 28-də qeyd olunan Müstəqillik Gününün tarixi əhəmiyyət kəsb edən hadisə olduğunu qeyd edən səfir, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə elan olunduğu, Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandığı, qısa bir zamanda dövlətimizin müstəqilliyinin əsaslarının qurulduğu haqqında danışıb.

Həmçinin Azərbaycan-Rumıniya əlaqələrindən söz açan H.Nəcəfov 30 ildən artıqdır ki, diplomatik və siyasi əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, ölkələrarası strateji tərəfdaşlığın dərinləşdiyini və strateji əlaqələr kəsb edən regional layihələrin həyata keçirildiyini qeyd edib.

Tədbirdə fəxri qonaq qismində iştirak edən Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon Marçel Çolaku çıxış edərək, Azərbaycanın Müstəqillik Günü və Ulu Öndərin 100 illiyi münasibətilə Rumıniya xalqı adından Azərbaycan xalqını təbrik edib. Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olduğunu, münasibətlərimizin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd edib. Eyni zamanda, M.Çolaku Avropa və Rumıniyanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əhəmiyyətli rolunu xüsusi vurğulayıb, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqun və ikitərəfli səfərlərin yüksək dinamikasını diqqətə çatdırıb. O, parlamentlərarası əlaqələrin inkişafından söz açaraq, Azərbaycan Milli Məclisinin sədrinin dəvəti ilə Azərbaycana səfərini xoş təəssüratlarla xatırlayıb, Bakıda olan zaman Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyanın əsl və səmimi dostu olmasının şahidi olduğunu bildirib.

Daha sonra Rumıniyanın Baş naziri adından çıxış edən Baş nazirin müşaviri Yulian Kifu, Azərbaycanın Müstəqillik Günü və Ulu Öndərin 100 illiyi münasibətilə təbriklərini çatdıraraq, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində əldə olunan nailiyyətlərdən, inkişaf edən əlaqələrimizin əhəmiyyətindən danışıb. Həmçinin Cənubi Qafqaz regionunda Azərbaycanın əhəmiyyətli rolunu və Rumıniyanın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edib. Y.Kifu Azərbaycan-Rumıniya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdıraraq, bu əlaqələrin bir çox sahələrdə, o cümlədən enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil və sair istiqamətlər üzrə səmərəli əməkdaşlığın genişləndirilməsi üçün mühüm bazanın mövcud olduğunu qeyd edib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən və Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizmini tərənnüm edən videoçarxlar nümayiş etdirilib, milli mahnılarımız səsləndirilib.

ƏvvəlkiBu gün Azərbaycanda COVID-19 əleyhinə 213 vaksin vurulub
NövbətiTürk Dövlətləri Coğrafiya Şurası yaradılıb