ULU ÖNDƏRİN LAYİQLİ DAVAMÇISI

“Mənim xoşbəxtliyim bundadır ki, mən Heydər Əliyev adlı dahi şəxsiyyətin
yanındayam və məndə öyrənmə imkanları daha çoxdur, nəinki başqa adamlarda”.

Prezident İlham Əliyev

Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi
mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen
şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir
millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə
layiqli yer tutmasını təmin edir.
Tarixdə dahi ataların qurduğu dövləti davam və inkişaf etdirən, daha da
möhkəmləndirən, yüksəldən qüdrətli oğullar olub. Amma etiraf edək ki, belələri
çox azdır. İlham Əliyev isə böyük düha sahibi Heydər Əliyevin elə özünə layiq
övladıdır, Azərbaycan və xalqımız üçün son dərəcə misilsiz, heç bir tarixi
şəxsiyyətlə müqayisəyəgəlməz dərəcədə böyük işlər görən Heydər Əliyevin
Azərbaycana bəxş etdiyi ən qiymətli əsəridir, ulu öndərin əvəzolunmaz
yadigarlarından biridir. Heydər Əliyevin həyat, hakimiyyət, siyasət, diplomatiya
məktəbinin məzunu, Heydər Əliyev ideyalarının xilaskarlıq qüdrətiylə, tükənməz
Azərbaycan sevgisiylə, azərbaycançılıq missiyasıyla silahlanan İlham Əliyevin
bugünkü genişmiqyaslı və uğurlu fəaliyyəti göstərir ki, o, dahi Heydər Əliyevin
bütünlüklə Azərbaycana, onun sabahına həsr edilən hakimiyyət yolunu, zəfər
yolunu, şərəf yolunu ləyaqətlə davam etdirir, xalqına, Vətəninə Heydər Əliyev
zirvəsindən xidmət edir.
Ümummilli liderimizin çox böyük uzaqgörənliklə və əminliklə dediyi
“Azərbaycanın gələcəyi etibarlı əllərdədir”, “Mən seçici olsaydım, İlham Əliyevə
səs verərdim” fikri yada düşür. Müdrik və qədirbilən xalqımız ulu öndərin bu

fikrini 2003-cü il prezident seçkilərində təsdiqlədi, Heydər Əliyevin siyasətinə
böyük inamının, məhəbbətinin nəticəsi olaraq onun varisinə – İlham Əliyevə səs
verdi, onu özünə yeni rəhbər seçdi. Bu, qanunauyğunluq idi. İlham Əliyevin
seçkilər ərəfəsində xalqla görüşlərində, bəlkə də, yaşına uyğun olmayan
müdrikliyi, xalqla səmimiliyi, hədsiz təvazökarlığı, alicənablığı, insanlara
təmənnasız münasibəti, xalqına, millətinə, Vətəninə, sələfinə, üstəlik, öz
şəxsiyyətinə hörmət və ehtiramı onun yüksək, ali tərbiyəsindən, ziyalılığından,
zəngin mənəviyyatından, siyasi yetkinliyindən xəbər verirdi. İlham Əliyev həm də
bu səbəblərdən qalib gəldi. Və Prezident kimi fəaliyyətə başladığı ilk aylarda ulu
öndər Heydər Əliyevlə bağlı ölkəmizdə yaşanan narahatlıq, sonra isə ümumxalq
hüznü olmasına baxmayaraq, fəal siyasətçi kimi nəhəng siyasət ümmanının bütün
istiqamətlərinə nüfuz edə bildi. O, bütün sahələrdə Heydər Əliyev strategiyasının
layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirdi.
Heydər Əliyev öz dühası, istedadı, siyasi təfəkkürü, tükənməz enerjisi, bir sözlə,
Tanrının ona bəxş etdiyi qeyri-adi müsbət keyfiyyətləri ilə bütün dünyanı fəth etdi,
Azərbaycanı dünyaya tanıtdı, dünyanı Azərbaycana gətirdi. Bu gün isə Prezident
İlham Əliyev eyni bacarıqla dünya siyasətinin diqqət mərkəzindədir, regionda isə
əsl liderlik nümayiş etdirir.
Azərbaycan xalqının Prezident İlham Əliyevə məhəbbətinin, inamının əsasında
dövlətimizin başçısının liderlik keyfiyyətləri dayanır. Onu xalqa sevdirən ən
mühüm xüsusiyyəti əsl dövlət başçısına xas qətiyyət, atdığı hər bir addımda milli
maraqları öndə tutmasıdır. Prezident İlham Əliyevin verdiyi hər bir qərar
Azərbaycan dövlətinin milli maraqlarına hesablanır. Xalqa xidmət etmək, hər bir
azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.
İlham Əliyev: Şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə
iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz
2003-cü ildə “Zəngin və qüdrətli Azərbaycan uğrunda” çağırışı ilə milyonları öz
ətrafında toplayan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ilə
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi daha
müvəffəqiyyətlə həyata keçirilməyə başlandı. Dövlət başçısının xidmətləri ilə

Azərbaycanda demokratik prosesi sürətləndirən siyasi islahatlar dönməz xarakter
aldı. Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsini
prioritet elan edən Prezident bu kimi halların aradan qaldırılması üçün təsirli
tədbirlər gördü.
Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə
bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərdi. Xarici siyasət kursunda
tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizin dostlarının sayı çoxaldı,
bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olundu.
Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi. Bunu sübut
edən ən böyük amillərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü
seçilməsi oldu. Müstəqillik tariximizin ən böyük nailiyyəti olan bu hadisə
Azərbaycanda yürüdülən siyasətə və ən nəhayət, beynəlxalq birliyin Prezident
İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin təzahürünə çevrildi. Bu, dünya
ictimaiyyətinin Azərbaycana olan inamını, etimadını göstərdi.
Azərbaycanın müstəqilliyinin dönməzliyinə nail olmaq, tarixən formalaşmış
xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli
istifadə etmək kimi mühüm vəzifələrin öhdəsindən uğurla gələn Prezident İlham
Əliyev Şərqlə Qərb arasındakı münasibətlər sistemində ölkəmizin özünəməxsus
yerini daha da möhkəmləndirdi. Erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif
darmadağın edildi, dünya birliyi onların əsl simasını gördü. Azərbaycan Prezidenti
Qarabağ uğrunda müharibəni hücum diplomatiyasına keçirərək beynəlxalq
təşkilatların diqqətini bu problemə yönəltdi. Bununla da dünya birliyi Xocalı
soyqırımını tanımağa və pisləməyə başladı. Dağlıq Qarabağ probleminin
mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq
ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Azərbaycan öz siyasəti ilə bütün
dünyada sülhsevər, sivilizasiyalı ölkə kimi tanındı, Avropanın və dünyanın ən
böyük və nüfuzlu ölkələri ilə qarşılıqlı münasibətlər yaratmaq üçün ciddi iş
aparıldı. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçuya çevrildi.

Bu gün ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qeyri-neft
sektorunun yüksəlişi daha çox diqqəti cəlb edir, çoxşaxəli iqtisadiyyatın inkişafı
təmin olunur. Bu sahədə turizm sektorunun güclənməsini prioritet elan edən
Prezident İlham Əliyev Azərbaycanda bu sektorun kompleks inkişafını diqqət
mərkəzində saxlayır. Təsadüfi deyil ki, son illərdə Azərbaycana gələn turistlərin
sayı sürətlə artır.
Prezident İlham Əliyevin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş
enerji siyasətini böyük müvəffəqiyyətlə həyata keçirməsi nəticəsində bu gün
Azərbaycan dünyada çox etibarlı ölkə kimi tanınır. Dövlət başçısının enerji siyasəti
ilə bağlı təşəbbüsləri və reallaşan layihələr regional çərçivələrdən çıxaraq qlobal
miqyas aldı. Bakı-Tbilisi- Ceyhan neft kəmərinin tikintisi başa çatdırıldı və 2006-cı
ildə açılışı oldu. Bununla da “Əsrin müqaviləsi”ndən sonra Azərbaycana külli
miqdarda investisiyanın daxil olması prosesi daha güclü xarakter aldı.
Indi Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rola
malikdir. Bunu təsdiq edən ən böyük amillərdən biri 2012-ci ildə Azərbaycanla
Türkiyə arasında dünyanın ən böyük enerji layihələrindən olan TANAP layihəsinin
icrasına başlanmasıdır. 2013-cü ildə imzalanmış “Şahdəniz-2” üzrə yekun
investisiya qərarı isə Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz
boru kəmərinin genişləndirilməsinə xidmət etməklə, Trans-Anadolu və Trans-
Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan
verəcək. Nəhayət, 2014-cü il sentyabrın 20-də Azərbaycanın yeni tarixinə və enerji
siyasətinə qızıl hərflərlə yazılan başqa bir möhtəşəm hadisə baş verdi – XXI əsrin
qlobal enerji layihəsi adlandırılan “Cənub” qaz dəhlizinin təməli qoyuldu. Əlbəttə,
bu cür böyük layihələrin həyata keçirilməsi xalqımızın rifahını daha da
yaxşılaşdırmaqla yanaşı, Azərbaycanı çox önəmli beynəlxalq oyunçuya, həlledici
söz sahibinə çevirir, ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edir.Uğurlu
fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi
beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycanın
siyasi sisteminə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi
əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin

rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı: Bu,
modern Azərbaycan dövləti modelidir. Onun rəhbərliyi ilə görülən işlər ölkəmizin
gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir.
Prezident İlham Əliyevin reallaşdırdığı inkişaf konsepsiyası bütün
azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. Çünki onun müəyyənləşdirdiyi
dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə – Azərbaycan vətəndaşı dayanır. Bu
illər ərzində İlham Əliyev gördüyü işlərlə bir daha sübut etdi ki, o, doğrudan da hər
bir Azərbaycan vətəndaşının prezidentidir.

Rövşən Məmmədov
Azərbaycan Respublikası Nazirlər Kabineti
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Əməkdaşı

Əvvəlkiİnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası yaradılır
NövbətiYeni təyinatlar ölkəmizə yaxşı fəaliyyət vəd edir…