Üçüncü “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ilk sınaq imtahanı keçirilib

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə sınaq imtahanı keçirilib.

AZƏRTAC xəbər verir ki, iştirakçıların istənilən məkandan onlayn formada qoşulduqları imtahan saat 11:00 və 16:00 olmaqla, iki sessiyada təşkil edilib.

Onlayn mərhələnin ilk sınaq imtahanında 6469 iştirakçı iki sessiyada sualları cavablandırıb. Suallar Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər olmaqla 4 blok üzrə aparılıb. Hər blok üzrə 25 dəqiqə, toplamda isə imtahan üçün 2 saat vaxt ayrılıb. “Yüksəliş” müsabiqəsi ilə bağlı yaradılmış Çağrı Mərkəzi, sosial şəbəkələr və elektron poçt vasitəsilə müraciətlər cavablandırılaraq iştirakçılara dəstək göstərilib. Ümumi biliklər üzrə onlayn mərhələnin əsas imtahanı aprelin 16-da keçiriləcək.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Xatırladaq ki, növbəti – 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il dekabrın 20-də Sərəncam imzalanıb.

ƏvvəlkiAzərbaycan Ordusunda keçirilən ağacəkmə aksiyaları davam edir
NövbətiBu gün DİM 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib