Türkiyə XİN başçısı: “Rusiya və Ukrayna prezidentlərinin görüşünə ümidimiz artıb”

“Müzakirə asan olmadı. Döyüşlər isə davam edir. Təbii ki, təkcə bir görüşdən möcüzələr gözlənilməməlidir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov və ukraynalı həmkarı Dmitro Kuleba ilə keçirilən üçtərəfli görüşü dəyərləndirərkən bildirib.

M.Çavuşoğlu bildirib ki, bu, başlanğıcdır: “Bu görüşdə liderlərin görüşü məsələsi gündəliyə gəldi. Ukrayna Prezidenti Volodimir Zelenskinin belə bir görüşə hazır olduğu, Rusiya Prezidenti Vladimir Putinin də görüşə etiraz etmədiyi məlum oldu. Toplantının harada keçiriləcəyi əsas deyil”.

“Bütün çətinliklərə rəğmən, mədəni formada tərəflər öz mövqelərini ifadə etdi. Tərəflər bir-birilərinin fikrinə hörmət etdi. Hər iki tərəf istəsə, yenə müzakirələrə ev sahibliyi etməyə hazırıq”, – Çavuşoğlu bildirib.

Türkiyə XİN başçısı həmçinin əlavə edib ki, gələcəkdə prezidentlər səviyyəsində görüşlərin olmasına ümidlər artıb. “Bugünkü müzakirələr və tərəflərin, xüsusilə Ukraynanın buna etiraz etməməsi inamımızı artırıb”, – Çavuşoğlu əlavə edib.

Onun sözlərinə görə, bundan sonrakı prosesdə bu dialoq davam edərsə, son qərarı siyasətçilər verəcək, gələcəkdə inam artıran addımlarla birgə biz müəyyən nəticə əldə edə biləcəyimizə inanırıq.

Əvvəlki“Azəristiliktəchizat” ötən il 14 milyon manatdan çox zərər edib
NövbətiAğdamda mövqelərimiz 28 dəfə atəşə tutulub