Türkiyə XİN başçısı: “ABŞ-la əməkdaşlığımız nəticə verməsə, bölgəyə girəcəyik”

“Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaranması istiqamətində ABŞ-la əməkdaşlığımızdan bir nəticə əldə edilməzsə, biz bölgəyə girəcəyik”.

Türk.az “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu monteneqrolu həmkarı Srdjan Darmanoviçlə sentyabrın 10-da keçirdiyi mətbuat konfransında bildirib.

“ABŞ-la müzakirələr başlayandan indiyə kimi ilk addım atılıb. Bir ortaq fəaliyyət mərkəzi qurulacaq. Biz bunu yaxşı başlanğıc olaraq dəyərləndiririk. Xəbərdarlıqlarımızı qəti şəkildə ABŞ-a açıqladıq. ABŞ başda Münbiç yol xəritəsi olmaqla məsələyə laqeyd yanaşır. Təəssüf ki, YPG (terrorçu PKK/YPG-PYD qruplaşmasını nəzərdə tutur – red.) terror qruplaşmasına görə məsələni təxirə salıb. Bu gün xəbərdarlıqlarımızda haqlı olduğumuzu gördük.

Bununla belə, ABŞ-ın təhlükəsizlik bölgə ilə bağlı prosesə başlamaq istədiyini düşünürük. ABŞ-ın atdığı addımlar kosmetikdir. Türkiyənin isə planı hazırdır. Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaranması istiqamətində ABŞ-la əməkdaşlığımızdan bir nəticə əldə edilməzsə, biz bölgəyə girəcəyik. Bölgələri YPG və İŞİD-dən təmizlədiyimiz kimi, bu bölgələri də təmizləyərik. Biz ABŞ-la birgə fəaliyyət göstərmək istəyirik. Ancaq indi onlar daha PKK/YPG-PYD tərəfdarları ilə işləmək istəyən kimi davranırlar”, – Mövlud Çavuşoğlu vurğulayıb.

ƏvvəlkiABŞ-ın ticarət naziri : “Hədəfimiz Türkiyə ilə ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqdır”
NövbətiTəhsil Nazirliyi: 61 məktəbə yeni direktor təyin edilib