Türk dünyası Vəkillər kollegiyalarının rəhbərləri Türkiyə Ədliyyə Nazirliyini ziyarət ediblər

Ankara şəhərində rəsmi səfərdə olan Türk dünyası Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri Türkiyənin Ədliyyə Nazirliyinin inzibati binasını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, ziyarətdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri iştirak edib.

Açılış nitqi ilə çıxış edən ədliyyə naziri Yılmaz Tunç görüşdən məmnunluğunu ifadə edərək Türk Dövlətləri Təşkilatının (TDT) tarixindən danışıb.

Eyni zamanda nazir diqqətə çatdırıb ki, tək vəkillikdə deyil, ədliyyə, Hakimlər və Prokurorlar Şurası, notariat, mediatorluq və digər sahələrində də belə birliklər yaradılıb və yaradılmaqda davam edir. Yaxın zamanlarda türkdilli dövlətlərə səfər edəcəyini söyləyən Yılmaz Tunç səfər çərçivəsində həmin ölkələrin Vəkillər kollegiyalarını ziyarət edəcəyini deyib.

O, Türk dünyası Vəkillər kollegiyalarının əməkdaşlığının sürətlə inkişaf etdiyini, hüquq sahəsində bunun vacibliyini bildirib.

Həmçinin görüşdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov və digər kollegiya rəhbərləri çıxış edərək əməkdaşlığın vacibliyini vurğulayıblar. Görüşün məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilib, habelə fikir mübadiləsi aparılıb və bir sıra məsələlər müzakirə olunub.

Sonda ARVK-nin sədri Anar Bağırovla nazir Yılmaz Tunç bir-birilərinə xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin və ARVK-nin birgə təşkilatçılığı ilə Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşü keçirilib.

ƏvvəlkiAzərbaycanın daha bir cüdoçusu dünya çempionu olub
NövbətiŞuşa şəhərində daha 32 ailəyə mənzillərinin açarları təqdim olunub