Trek velosipedi üzrə mövsümün açılış yarışı keçirilib

Respublika Velotrekində trek velosipedi üzrə mövsümün açılış yarışı keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş yarışda 50-yə yaxın idmançı iştirak edib. Reqlamentə əsasən, velosipedçilər əvvəlcə 2 kilometr məsafəyə fərdi ötüşmə növündə mübarizə aparıblar. Qrup ötüşməsində isə qızlar 10, oğlanlar 20 kilometr məsafə qət ediblər.

İki növün cəminə əsasən, qızlar arasında Radha Şabanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aybəniz Abbaszadə ikinci, Məryəm Əfqanzadə üçüncü olublar.

Oğlanların yarışında Əmral Abduləzizli ən yaxşı göstərici ilə birinci yeri tutub. Şahin Eyvazov və Aqşin Bağırlı isə müvafiq olaraq 2-3-cü yerdə qərarlaşıblar.

Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

ƏvvəlkiBu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
NövbətiAzərbaycanın Xarkovdakı fəxri konsulluğunun binası ciddi dağıntılara məruz qalıb