“Tesla”nın səhmdarları Maskı şirkəti səhv idarə etməkdə günahlandırıb

“Tesla” şirkətinin 1,5 milyard dollarlıq səhmlərinə sahib olan 17 iri iş adamı İlon Maskı səhv idarəetmədə günahlandırıb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” investorların bəyanatına istinadən məlumat yayıb.

İnvestorlar Maskdan asılılığın aradan qaldırılmasına nail olmaq niyyətindədirlər və bunun üçün ona sadiq top-menecerləri də işdən çıxarmağı təklif edirlər.

Maskla bağlı şikayətlər istehsalçının üzləşdiyi problemlər siyahısına əlavə olunub. Daha əvvəl şirkət 2022-ci ilin sonuna qədər avtomobil tədarükünün orta illik artımı hədəfinə çatmadığını bildirmişdi.

Bu arada ABŞ Ədliyyə Departamenti, Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi və Kaliforniya Avtomobil Nəqliyyatı Departamenti “Tesla”nın avtopilot sistemindəki problemlər barədə məlumatlara görə araşdırmalar aparır.

2023-cü ilin aprel ayının ilk həftəsində “Tesla”nın səhmləri istehsalçının rüblük hesabatının dərcindən sonra 10,8 faiz dəyərdən düşüb. Bildirilib ki, bu ilin əvvəlində “Tesla” anbarlarında elektrik avtomobillərinin sayı onun məhsullarına olan tələbatın azalması səbəbindən çoxalıb. Eyni zamanda, istehsalçı əvvəllər öz avtomobillərinin qiymətlərini bir neçə dəfə aşağı salıb.

İlon Mask “Tesla” və “SpaceX”-in baş icraçı direktorudur və eyni zamanda keçən il aldığı “Twitter” sosial şəbəkəsinə rəhbərlik edir.

Əvvəlkiİtaliya polisi Yunanıstan gəmisində külli miqdarda kokain ələ keçirib
NövbətiDYP bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçib