Teledərslər müvəqqəti dayandırılacaq

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” proqramının yayımı müvəqqəti dayandırılacaq.

Bunu “Report”a Təhsil Nazirliyinin İnformasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə bildirib.

Onun sözlərinə görə, martın 19-u teledərslərin sonuncu günü olacaq: “Teledərslərə Novruz bayramı ilə əlaqədar fasilə verilir. Martın 24-dən həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən başlanılacaq. Həmçinin bayramdan sonra peşə təhsil müəssisələrində təhsilalanlar üçün də teledərslər yayımlanacaq”.

Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən etibarən bütün təhsil müəssisələrində tədris dayandırılıb. Bu səbəbdən martın 11-dən Təhsil Nazirliyinin dəstəyi ilə şagirdlər üçün teledərslərin keçirilməsinə başlanılıb.

ƏvvəlkiCəbhə bölgəsindəki hərbi hissələrin ziyarəti davam edir
NövbətiAzərbaycan musiqi tarixinin korifeyi – Xan Şuşinski