“TEKNOFEST Türkiyə – 2023”də qalib gələn Azərbaycan komandalarının adları açıqlanıb

Aprelin 27-dən mayın 1-dək Türkiyənin İstanbul şəhərində “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı keçirilib.

Prezident İlham Əliyevin tapşırığı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz festivalda 200 kvadratmetr ərazini əhatə edən milli pavilyonla təmsil olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Türkiyə Poçtu tərəfindən hazırlanan xatirə poçt markasını və Birinci gün zərfini hədiyyə edib.

Festivalda Azərbaycanın Kosmik Agentliyi – Azərkosmosun da yer aldığı milli pavilyonda oktyabrın 2-6-da Bakıda təşkil olunacaq Beynəlxalq Astronavtika Konqresi ilə bağlı aktiv təbliğat işləri həyata keçirilib. Belə ki, gənc tədqiqatçılar və tələbələrə konqres haqqında geniş təqdimatlar nümayiş etdirilib. Festivalda Azərbaycan pavilyonunu ziyarət edən “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Səlcuq Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub.

Ziyarətçilərə, həmçinin startap-layihələr, eləcə də “Kızılelma” interaktiv oyunu və “VR Ay səyahəti” virtual oyunu təqdim edilib.

Ümumilikdə yarışmaların final mərhələsinə 100-dən çox tələbənin iştirak etdiyi 16 Azərbaycan komandası vəsiqə qazanıb. Layihələr üzrə birinci yerləri “Akıllı ulaşım” yarışmasında Bakı Dövlət Universitetinin “Driver’s Eye” və “ISIF 2023 Beynəlxalq Patentlər” yarışmasında “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Ceyhun Xəlilovun “İnventorlu elektrik requlyatoru” layihələri, üçüncü yeri “Tarım teknolojisi” yarışmasında Bakı Dövlət Universitetinin “Ağıllı damla sulama sistemi” layihəsi qazanıb. Eyni zamanda, Azərbaycan-Türkiyə gənclərindən ibarət “Ejder Drones” komandası “İnsanlıq yararına texnologiya” müsabiqəsinin “Fəlakətlərin idarəedilməsi” kateqoriyasında universitet və yuxarı səviyyə üzrə üçüncü yerə layiq görülüb.

Festival çərçivəsində Türkiyənin İstanbul Texniki Universiteti, Qalatasaray Universiteti, Yeditepe Universiteti, Boğaziçi Universiteti, İstanbul Nişantaşı Universiteti, Mərmərə Universiteti, Bahçeşehir Universiteti və İbn Haldun Universiteti kimi aparıcı təhsil müəssisələrinin müəllim və tələbə heyəti ilə də görüşlər keçirilib.

“TEKNOFEST – 2023” 2,5 milyondan çox ziyarətçi ilə dünyanın ən böyük tədbiri kimi tarixə düşüb. Festivalda iştirak 2 ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti nümayişi olub.

“TEKNOFEST” Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi ilə Səlcuq Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı, qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Ötən il mayın 26-29-da “TEKNOFEST” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda təşkil olunub. “TEKNOFEST Azərbaycan” festivalını 300 minə yaxın ziyarətçi izləyib. Festival çərçivəsində üç beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil edilib.

ƏvvəlkiBakı-Ağstafa qatarının bəzi stansiyalarda dayanmamasının səbəbi açıqlanıb
NövbətiSuqovuşanda “Prezident Kuboku-2023” beynəlxalq reqatasının rəsmi açılışı olub