Tbilisidə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində tədbir keçirilib

Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində faciənin 28-ci ildönümünə həsr olunan “Xocalı tarixin qan yaddaşı” adlı tədbir keçirilib.

Türk.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və E-MEDİA GROUP-un təşkilatçılığı ilə baş tutan mərasim çərçivəsində peşəkar azərbaycanlı rəssamların 50-yə yaxın əsərlərindən ibarət sərgi keçirilib.

Tədbir Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra E-MEDİA GROUP-un hazırladığı və Xocalı soyqrımından bəhs edən qısametrajlı film nümayiş etdirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Xocalı faciəsinin qısa tarixindən danışıb. O deyib ki, bu qırğın bəşəriyyət tarixində insanlığa qarşı törədilən ən qanlı divanlardan biridir. Səfir Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında “Xocalıya ədalət” kampaniyasının böyük rol oynadığını bildirib.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan çıxışında bildirib ki, Türkiyə qardaş Azərbaycanın hər zaman yanında olub və olacaqdır: “Xocalı faciəsi ilə bağlı gələcək nəsilləri məlumatlandırmaq olduqca önəmlidir. “Xocalı tarixin qan yaddaşı” adlı sərginin Türkiyədə də təşkil olunacağından çox məmnunuq”.

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev Xocalını böyük faciə adlandırıb. O deyib ki, hər bir azərbaycanlı Xocalı faciəsinin dünyada tanıdılmasında iştirak etməlidir.

Qeyd edək ki, “Xocalı tarixin qan yaddaşı” adlı tədbirə fevralın 2-də Biləsuvar rayonunda start verilib. Anoloji tədbir Quba və Gəncədə də təşkil olunub. Tədbir Gürcüstandan sonra Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində də keçiriləcək. Məqsəd Xocalı faciəsinin dəhşətini rəssamların əsərləri ilə beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Əvvəlki“Google” pulsuz internetlə bağlı layihəsinin icrasını dayandırır
NövbətiMSK daha iki məntəqənin nəticəsini etibarsız saydı