Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, fevralın 1-dən transfer.edu.az portalından 969 nəfər tələbə orta ixtisas təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 198 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsi ilə ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçənlərin sayı 5990 nəfər olub. Onlardan 2721 nəfəri öz sorğusunu təsdiq edib.

Tələbələr tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirlər. Nəticələr mart ayında elan olunacaq.

Xatırladaq ki, ötən ildən etibarən Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

ƏvvəlkiBritaniyanın dövlət naziri Azərbaycana ilk səfərini edəcək
NövbətiPrezident İlham Əliyev Baş Prokurorluğun yeni inzibati bina kompleksinin açılışında iştirak edib