Təhsil Nazirliyi məktəblərdə pul yığılması ilə bağlı ictimaiyyətə müraciət edib

Təhsil Nazirliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə məktəblərdə şagird və valideynlərdən pul yığılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu və ya digər hallarla bağlı qurumun “Qaynar xətt” xidmətinə (146-1) və yaxud office@edu.gov.az elektron poçt ünvanına anonim olmadan müraciət edilə bilər.

“Təhsil Nazirliyi qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin, həm də fədakar ana kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladların yetişməsində rolu danılmazdır.

Bayram münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə, cəmiyyət olaraq birgə mübarizə aparmalı, dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq”, – nazirlikdən vurğulanıb.

ƏvvəlkiYAP növbədənkənar qurultay keçirəcək
NövbətiAzərbaycanda koronavirusdan 143 nəfər sağalıb, 352 yeni yoluxma faktı qeydə alınıb