Suriya düşərgəsində saxlanılan 12 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb

Noyabrın 24-də Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 12 nəfərin repatriasiyası həyata keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və əlaqələndirilmiş tədbirlər nəticəsində baş tutub.

Əvvəlcə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşlarımızın yeri, şəxsiyyəti müəyyən edilib, daha sonra onların Türkiyə Respublikasının ərazisinə keçidi təmin olunub.

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri ilə təmin edilib və noyabrın 24-də qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycana repatriasiyası həyata keçirilib.

Azərbaycan Respublikasının hökuməti tərəfindən sözügedən şəxslərin reabilitasiyası və reinteqrasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Vətəndaşlarımızın repatriasiyası Azərbaycanın aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti əsasında həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.

Azərbaycan Respublikasının hökuməti öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini bundan sonra da davam etdirəcək.

ƏvvəlkiŞuşa 2023-cü ildə türk dünyasının paytaxtı elan olunacaq
NövbətiAvropada qazın qiyməti 1 081 dollar olub