Sumqayıtda uçan binada məskunlaşmış məcburi köçkünlər köçürüləcək

“Ötən gecə Sumqayıtda uçqun baş verən binada təmir-bərpa işləri başlayıb”.

Bunu “Report”a Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev deyib.

O qeyd edib ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikilmiş binanın girişində pilləkən sınıb.

E.Qocayevin sözlərinə görə, hadisə zamanı xəsarət alan şəxsə tibbi yardım göstərilib: “5 nəfərlik ailənin məskunlaşdığı yarımçıq tikilinin girişindəki beton pilləkənin qırılması nəticəsində bir nəfər yüngül xəsarət alıb, ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Hazırda binanın girişində təmir-bərpa işləri həyata keçirilir.

Bildiyiniz kimi Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış məhəllələrinin salınmasına başlanılıb. Artıq iki minə yaxın ailə ora köçürülüb və proses davam edir. Həmin binada məskunlaşmış məcburi köçkünlər də bu il yeni salınan yaşayış kompleksinə köçürüləcəklər”.

Xatırladaq ki, ötən gecə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikili binada uçqun olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyin Sumqayıt Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin müvafiq xilasetmə qüvvələri cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın girişində pilləkən uçub, nəticədə xəsarət alan 1967-ci il təvəllüdlü Cəfərova Gülxanım Ramazan qızı xəstəxanaya yerləşdirilib.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə və digər təxirəsalınmaz işlər nəticəsində binada köməksiz vəziyyətdə qalan 5 nəfər (4-ü azyaşlıdır) təhlükəsiz əraziyə təxliyə edilib, ərazidə təhlükəsizlik təmin olunub.

ƏvvəlkiHesablama Palatası KİVDF ilə bağlı Baş Prokurorluğa müraciət etdi
NövbətiNaqif Həmzəyev: Pandemiya şəraitində ilk köməyə çatan polislərimiz oldu