SOCAR Rumıniyada 68-ci yanacaqdoldurma məntəqəsini açıb

Rumıniyanın Sibiu şəhərində George Dima 44 küçəsində yeni SOCAR yanacaqdoldurma məntəqəsi (YDM) açılıb.

AZƏRTAC xəbər verir ki, bununla da SOCAR-ın Rumıniyada yanacaqdoldurma məntəqələrinin sayı 68-ə çatıb. Bu, SOCAR-ın Sibiu rayonunda 5-ci yanacaqdoldurma məntəqəsidir. Şərq üslubu ilə müasir interyer dizaynı brendin özünəməxsusluğunu əks etdirir. Yeni stansiyada 2 nasosla təchiz olunmuş “Nano” brendi ilə 4 növ – “Nano 95”, “Nano Diesel”, “Nano 98”, “Nano Super Diesel” yanacaq satışı həyata keçirilir. SOCAR müştərilərinə Avropa standartlarına uyğun keyfiyyətli yanacaq təklif edir. YDM-nin daxilində fəaliyyət göstərən “Cafe Nar”da müştərilərə qida, qeyri-ərzaq məhsulları və ya avtomobil aksesuarları təklif olunur.

Hazırda SOCAR Rumıniyanın 26 regionunda 68 “SOCAR” brendli yanacaqdoldurma məntəqəsinə malikdir. Şirkət tərəfindən qəbul edilən strateji plana uyğun olaraq, qarşıdakı illərdə də SOCAR Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edəcək.

Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsilə həyata keçirir.

Əvvəlkiİsrail ordusu Qəzza zolağına zərbələr endirir
NövbətiBabadağda itkin düşənlərin 3-ü xilas edilib, ölən şəxsin meyiti isə ərazidən çıxarılır