SOCAR-ın Türkiyədə yeni obyektinin açılışı olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” nin Əliağadakı (İzmir) Xüsusi Sənaye Zonası statuslu ərazisində bir obyektin açılış, digərinin isə təməlqoyma mərasimi keçirilib.

Türk.az SOCAR-a istinadən xəbər verir ki, STAR neft emalı zavodunun xammal və hazır məhsul saxlama potensialını artıracaq obyektlərdən biri istifadəyə verilib, ikincisinin təməli qoyulub.

Bildirilib ki, “SOCAR Türkiyə”nin törəməsi olan və ildə 10 mln. ton xam neft emal gücünə malik STAR zavodunun saxlama tutumunun artırılması məqsədi ilə yeni investisiya layihələri həyata keçirilir. Bunlardan “SOCAR Depolama” terminalında çənlərin genişləndirilməsi layihəsi başa çatdırılaraq istifadəyə verilib, STAR neft emalı zavodunun xam neft və ara məhsul çənlərinin potensialını artıracaq layihəyə isə start verilib.

Bu münasibətlə keçirilmiş mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “SOCAR Turkey Enerji”nin İdarə Heyətinin sədri Vaqif Əliyev, şirkətin baş icraçı direktoru Zaur Qəhrəmanov, STAR neft emalı zavodunun və layihədə iştirak edən podratçı şirkətlərin rəhbərləri iştirak ediblər. Yeni investisiyalar “SOCAR Turkey”in və müştərilərinin istifadə edəcəyi anbarların tutumunu 2,5 mln. kubmetrə çatdırmağa imkan verəcək.

Mərasimdə çıxış edən SOCAR prezidenti SOCAR-ın neft-qaz, emal və neft-kimya sektorlarında investisiyalarını davam etdirdiyini bildirib: “Ötən ilin oktyabr ayında burada STAR neft emalı zavodunun açılış mərasimini keçirdik. Hələ bir il keçmədən yeni layihələrimiz üçün yenidən Əliağaya toplaşmışıq. Bu bizə qürur verir. Fəaliyətlərimizin mühüm bir hissəsini təşkil edən neft-kimya investisiyalarımız Azərbaycan iqtisadiyyatı üçün əlavə dəyər yaradaraq uzunmüddətli dayanıqlı gəlir mənbəyi təmin edir, eyni zamanda həm bölgəyə, həm də Türkiyəyə böyük mənfəət gətirir”.

Son 10 il ərzində “Petkim”in ümumi gəlirləri 47,2 milyard lirə təşkil edib, xalis mənfəəti isə 4 milyard lirəni ötüb. STAR neft emal zavodunda artıq 4 mln. ton xam neft emal olunub. Cari ilin sonuna qədər bu rəqəm 8 mln. tona çatacaq.

SOCAR-ın prezidenti saxlama obyektlərinin tutumunun artırılmasının STAR zavodunun məhsuldarlığına, emal təhlükəsizliyinə və istehsal olunacaq məhsulların bazarda ən optimal kommersiya şərtləri ilə reallaşdırılmasına mühüm töhfə verəcəyini qeyd edib. O, həmçinin vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında əsrlərdir davam edən dostluq əlaqələri iki ölkənin prezidentlərinin iradəsi və böyük dəstəyi ilə iqtisadi baxımdan da böyük mərhələ qət edib: “Gələcəkdə iki ölkənin birliyini daha da gücləndirmək naminə iqtisadi əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik”.

Təntənəli mərasim ilə açılışı keçirilən “SOCAR Depolama” terminalında çənlərin genişləndirilməsi layihəsi ümumilikdə 335 min kubmetrlik tutuma malik 12 çəni əhatə edir. Yeni layihənin həyata keçirilməsi ilə hazırda Egey bölgəsinin ən böyük saxlama terminalı olan bu obyekt Türkiyənin 5 böyük terminalından birinə çevriləcək. Tikintisi 2017-ci ilin sentyabrında başlamış obyekt dizel, benzin, təyyarə yanacağı və reformat məhsullarının saxlanılması üçün nəzərdə tutulub.

Hazırda təməli qoyulan “STAR neft emalı zavodunun xam neft və ara məhsul çənləri” layihəsi isə emal zavodunun anbar tutumunu artırmaqla yanaşı əməliyyat çevikliyini də təmin edəcək. Əlavə 342 min kubmetr saxlama imkanı yaradan bu növbəti layihənin 2021-ci ilə tamamlanması nəzərdə tutulur.