Sergey Lebedev: “Seçkilərin legitimliyini şübhə altına alacaq faktla rastlaşmadıq”

“Azərbaycanda prezident seçkiləri yaxşı hazırlanıb və təşkil olunub”.

Turk.az-ın məlumatına görə, bu sözləri MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev deyib. O bildirib ki, MDB müşahidə missiyası martın 20-dən Azərbaycanda işləyir: “Əvvəlcə 20 uzunmüddətli müşahidəçi var idi. Səsvermə ərəfəsində yeni üzvlər də əlavə oldu. Ümumilikdə səsverməni 221 müşahidəçimiz izlədi. Bütün regionları əhatə etdik”.

S. Lebedev Azərbaycanın Seçki Məcəlləsinin beynəlxalq normalara cavab verdiyini söyləyib: “Məcəllə vətəndaşların iradəsini ifadə edir. Bizi hər yerdə xoş niyyətlə qarşıladılar, missiyamızı yerinə yetirmək üçün hər cür şərait yaratdılar. Bizim missiyanın əsas məqsədi dövlətin daxili işinə qarışmaq deyil, ölkənin qanunlarına hörmət etmək idi. İnsanlarda bayram əhval-ruhiyyəsi hiss olunurdu. Yaşlı insanlara yardım edirdilər. İlk dəfə səsverməyə gələn gənclərə yol göstərilirdi”.

S. Lebedev qeyd edib ki, bütün namizədlər öz proqramlarını təqdim etmək üçün KİV-ə çıxış əldə edə bilmişdilər: “Bütün bunların əsasında biz seçkilərin legitimliyini şübhə altına alacaq faktla rastlaşmadıq. Səsvermə Azərbaycan Seçki Məcəlləsinə uyğun oldu, açıq və şəffaf keçirildi. Namizədlər üçün rəqabət mühiti yaradılmışdı. Bəzi çatışmazlıqlar da oldu, lakin bunlar əsasən texniki xarakter daşıyırdı”.

ƏvvəlkiPoroşenko: “Əminəm ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha möhkəm olacaq”
NövbətiPrezident İlham Əliyev Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak edib