Salyanda iki əsr yaşı olan Quran nüsxələri qorunub saxlanılır

Salyanın Xələc kəndində yaşayan Ağabəylilər ailəsində qədim Quran nüsxələri saxlanılır. Ailənin bildirdiyinə görə, bu nüsxələr XIX əsrin əvvəllərinə aiddir.

AZƏRTAC xəbər verir ki, vaxtilə bu Quranı təkcə Azərbaycanda yox, Şərq ölkələrində də tanınan xəttat, nəqqaş, memar və alim Mirzə İsmayıl Ağa Ağabəy oğlu yazıb. “Qurani-Kərim” 30 cüzdən ibarətdir. Buradakı yazılardan başqa rəngli işləmələr də Mirzə İsmayıl Ağaya aiddir. Maraqlısı odur ki, Mirzə İsmayıl Ağanın hazırladığı Quran dünyada cəmi 7 nüsxədir. Onlardan birini təsadüfən Mirzə İsmayıl Ağanın nəvəsi Hindistanda səfərdə olarkən möhürbəndi görərək tanıyıb.

Mirzə İsmayıl Ağanın nəticəsi Naseh Ağabəylinin sözlərinə görə, bu “Qurani-Kərim”in nüsxələrindən birini akademik Ağaxan Ağabəyli Hindistanda muzeydə görüb. Mirzə İsmayıl Ağa Quranı tərtib edərkən mürəkkəbi Misirdən, kağızı Səmərqənddən gətizdirib və o halal heyvanın, yəni ceyranın dərisindən üz çəkib yapışdırıb. Bunların hamısı onun öz əl işidir.

O deyir ki, Quranı repressiya dövründə saxlamaq olduqca çətin olub. Lakin nəsil ulu babalarından qalan bu tarixi abidəni qoruyub saxlaya bilib:” Repressiya illərində sovet hökuməti çox istəyib ki, kitabı alıb məhv eləsin. Lakin atam onu torpağı qazıb basdırıb və heç kimə verməyib. Uzun müddət torpaq altında qaldığına görə yağış, su bir neçə yerinə ləkə salıb. Lakin bu, o qədər güclü sənət əsəridir ki, yazısına heç bir xələl gəlməyib, necə yazılıbsa, elə də qalıb”.

Tarixçilər isə deyir ki, bu cür kitab abidələri qorumaq hər bir azərbaycanlının borcudur. Çünki bu cür əsərlər Azərbaycan tarixinin və mədəniyyətinin bir parçasıdır.

Tarixçi-tədqiqatçı Sahib Həsənov bildirib: “Ağabəylilər Salyanın Qaraqaşlı kəndində yaşayırlar. Onlar böyük türk tayfası olan Cığatay elinin Qaraqaşlı boyundandırlar. O nəsildən çıxmış Mirzə İsmayıl Ağa Ağabəy oğlunun hazırladığı Quran nüsxəsinin Salyanda qalması, həqiqətən, böyük fəxarətdir. Bu kitab böyük bir sənət əsəridir, müqəddəs kitabımızdır və mədəni abidə kimi qorunub saxlanılır”.

Qeyd edək ki, xəttat, nəqqaş, memar və alim Mirzə İsmayıl Ağa Ağabəy oğlunun işlədiyi dünyada cəmi 7 nüsxə olan Qurani-Kərimin bir nüsxəsi Hindistanda muzeydə, biri Türkiyədə, ikisi Bakı və Salyan olmaqla Azərbaycandadır.

ƏvvəlkiŞarl Mişel Prezident İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib
NövbətiNaxçıvanda muxtar respublikanın 100 illiyi təntənəli şəkildə qeyd olunub