Sahibə Qafarova Varşava Universitetində Ermənistanın hərbi-siyasi təxribatları barədə danışıb

Milli Məclisin sədri Sahibə Qafarova Varşava Universitetində “Dialoq və həmrəylik: Azərbaycanın əməkdaşlıq və inkişafa baxışı” mövzusunda məruzə ilə çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova çıxışında Ermənistanın işğalçılıq siyasəti, hərbi-siyasi təxribatları barədə geniş məlumat verib.

Bildirib ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıb. İşğal illərində Ermənistan tərəfindən şəhər və kəndlərimiz viran edilib, Azərbaycanın tarixi, mədəniyyət və dini abidələri erməni vandalizmi nəticəsində dağıdılıb, həmin rayonların təbiətinə qarşı ekoloji terror törədilib. İşğal olunmuş torpaqlarda Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqın vəziyyətinə salınıb.

Milli Məclisin sədri deyib ki, Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək, öz gücü ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn prinsip və normalarını icra etdi, bununla da öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.

“İndi biz “ağıllı şəhərlər və kəndlər” konsepsiyası əsasında bu ərazilərin bərpası və yenidən qurulması üzrə genişmiqyaslı işlərə başlamışıq. Keçmiş məcburi köçkünlərin ilk ailələri artıq evlərinə qayıtmağa başlayıb”, – deyə S.Qafarova vurğulayıb.

Parlamentin sədri işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən quruculuq işlərində ən mühüm problemlərdən birinin Ermənistanın həmin ərazilərdə bir milyondan çox mina basdırmasının olduğunu söyləyib. O, son iki il ərzində təxminən 300 mülki vətəndaşın və hərbi qulluqçunun bu minalara düşərək həlak olduğunu və yaralandığını deyib.

Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səylər göstərdiyini vurğulayan S.Qafarova ölkəmizin Ermənistana beynəlxalq hüququn beş prinsipi əsasında sülh müqaviləsi imzalamağı təklif etdiyini deyib. O qeyd edib: “Lakin Ermənistan hələ də öz üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur, silahlı birləşmələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində saxlayır və regionda bütün kommunikasiya və nəqliyyat marşrutlarının açılmasına mane olur. Ermənistan birtərəfli qaydada sülh danışıqlarından çıxaraq, vəziyyəti gərginləşdirmək məqsədilə Azərbaycanın sərhədində və suveren ərazisində hərbi təxribatlar törətməkdə davam edir. Ermənistanın gələcəyə baxışının nə vəd etdiyi hələ məlum deyil”.

Parlamentin sədri Azərbaycan işğala məruz qalmış dövlət olmasına baxmayaraq, gələcəyə baxdığını və sülh uğrunda səylər göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, çünki sülh sabitliyə, inkişafa və əməkdaşlığa aparan yeganə yoldur.

Sonra Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Varşava Universitetinin Fəxri diplomu və medalı ilə təltif olunub.

Fəxri diplomu və medalı Sahibə Qafarovaya Varşava Universitetinin rektoru professor Novak Alojzy təqdim edib.

ƏvvəlkiSudanda toqquşmalarda 600-dən çox insan ölüb
NövbətiAzərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib