Sahibə Qafarova: “Azərbaycanla Türkmənistanın parlament komitələri arasında əməkdaşlıq əlaqələrə töhfə verə bilər”

“Azərbaycanla Türkmənistanın parlament komitələri arasında əməkdaşlıq əlaqələrə töhfə verə bilər”.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistan Milli Qenqeşi Məclisinin sədri ilə görüşündə deyib.

Ölkələrimizin beynəlxalq təşkilatlarda həmişə bir-birinə dəstək olduğunu bildirən Sahibə Qafarova qeyd edib ki, iki ölkə arasında olan münasibətlərdə parlamentlərin öz yeri var. O, qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyətini qeyd edib və bu əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

G.Məmmədova ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin iyun ayında keçirilmiş Bakı Konfransında görüşünü məmnunluqla xatırlayan spiker Sahibə Qafarova qeyd edib ki, ikinci konfransın gələn ilin martında Parlamentlərarası İttifaqın 146-cı Assambleyası çərçivəsində Manamada keçirilməsi nəzərdə tutulur. O diqqətə çatdırıb ki, hazırda Parlament Şəbəkəsi çərçivəsində bir sıra məsələlər üzərində işlər davam edir. Bunlardan biri Şəbəkənin beynəlxalq aləmdə daha geniş şəkildə tanıdılması, digər parlament təşkilatları ilə əlaqələrinin genişləndirilməsidir. O, görülən təşkilati işlər barədə məlumat verib.

Görüşdə Milli Məclisin sədri hazırda regionda gedən proseslər, post-münaqişə dövründə Azərbaycanın daimi sülh və təhlükəsizliyin təmin olunması istiqamətindıə təşəbbüsləri, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən böyük quruculuq və bərpa işləri, həmçinin, Ermənistan tərəfindən törədilən sülh prosesinə maneə təşkil edən siyasi və hərbi təxribatlar barədə geniş məlumat verib.

Parlamenlərarası əlaqələr sahəsində ölkələrimizin uğurla əməkdaşlıq etdiklərini bildirən Milli Qenqeşi Məclisinin sədri, o cümlədən, beynəlxalq parlament təşkilatlarında səmərəli əməkdaşlıq edildiyini diqqətə çatdırıb. O, Azərbaycan Milli Məclisi sədrinin bu səfərinin parlamentlərimiz arasında mövcud olan münasibətlərin daha da genişlənməsinə xidmət edəcəyini vurğulayıb.