Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 2016-cı ilin Aprel döyüşlərində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun zabiti mayor Elnur Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə hərbi liseyin zabit, kursant, müəllim heyəti, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, eləcə də digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidləriin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şəhid zabitin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Qeyd olunub ki, 2016-cı ilin aprel ayının ilk günlərində ermənilərin növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə nəticəsində 2000 hektardan artıq ərazi və strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edilib.

Bildirilib ki, Aprel döyüşlərində qazanılan qələbənin davamı olaraq 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları ilə şəhidlərimizin qisası düşməndən alınıb, bu gün azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır.

Qeyd olunub ki, şəhidlərimizin adları tarixdən heç vaxt silinməyəcək, onların qəhrəmanlıqları unudulmayacaq və xatirələri hər zaman ehtiramla yad ediləcək.

Şəhidin ailə üzvləri və yaxınları E.Əliyev haqqında xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də hərbi liseyin kursantlarının ifasında vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri ifa olunub, şeirlər səsləndirilib.

ƏvvəlkiTürkiyə kosmosa ilk dəfə öz müşahidə peykini buraxacaq
NövbətiŞose velosipedi üzrə ölkə kuboku yarışlarının üçüncü mərhələsinə yekun vurulub