Rusiya Müdafiə Nazirliyi: Hadrutda atəşkəs pozulub

Dağlıq Qarabağda atəşin dayandırılması rejiminə bütün təmas xətti üzrə riayət edilir.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, dekabrın 11-də Hadrut ərazisində atəşkəsin bir dəfə pozulması qeydə alınıb.

“Bütün təmas xətti üzrə atəşin dayandırılması rejiminə riayət edilir. 11 dekabrda Hadrutda atəşin dayandırılması rejiminin bir dəfə pozulması qeydə alınıb. Rusiya sülhməramlılarının hərəkətləri ilə vəziyyətin sonrakı kəskinləşməsinin qarşısı alınıb”, – nazirliyin xəbərində deyilir.

Nazirlik bildirib ki, Rusiyanın sülhməramlı kontingenti ilə vətəndaşların daimi yaşama yerlərinə təhlükəsiz qayıdışı təmin olunur, humanitar kömək göstərilir, mülki infrastruktur obyektləri bərpa edilir.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Müdafiə Nazirliyinin birgə məlumatında Hadrutda ermənilərin terror-təxribat və diversiya əməlləri törətdiyi bildirilib.