Rusiya aviasiyası azərbaycanlı yaraqlıları vurdu – 30-dan çox komandir…

Rusiya və Suriya aviasiyası ötən gün oktyabrın 6-da Suriyanın şimalında “Hurras əd-Din” qruplaşmasının yaraqlılarının iki bazasına zərbələr endirib. Eurasia Diary Al-Masdar News nəşrinə istinadla xəbər verir ki, obyekt İdlib əyalətində, Aqher və Ballisa yaşayış məntəqələrində yerləşirdi.

Hava zərbələri nəticəsində yaraqlıların bazaları tamamilə məhv edilib. 30-dan çox yaraqlı öldürülüb. Onların hamısı xarici ölkə vətəndaşları olan cihadçılardır. Belə ki, qruplaşma üzvləri Rusiyanın Şimali Qafqazından, habelə Azərbaycandan və Gürcüstandan olanlardır.

Hərbi mənbə bildirib ki, zərbələrdən əvvəl bazalar bir neçə gün ərzində detallı şəkildə öyrənilib. Aviahücum yaraqlıların komandirlərinin müşavirəyə cəmləşdiyi məqamda həyata keçirilib.

“Hurras əd-Din” qruplaşması İdlibin şərq hissəsində Bəşər Əsəd qüvvələrinə qarşı irimiqyaslı hücuma başlamağa hazırlaşırdı. İndi qruplaşmanın komandirləri məhv edildyi üçün bu planların pozulduğu təxmin edilir. Bildirilir ki, İdlib bölgəsində Türkiyənin dəstəklədiyi yaraqlıların qüvvələrinin çoxu yaxın günlərdə Ankaranın kürdlərə qarşı başlatmağa hazırlaşdığı növbəti transsərhəd əməliyyatına qatılacaq. Nəticədə Bəşər Əsəd qüvvələri üçün həmin bölgədə əlverişli hücum imkanı yaranıb.

ƏvvəlkiMüşahidə olunan və gözlənilən küləklə bağlı məlumat
NövbətiHesablama Palatası “ASAN xidmət”də yoxlama aparıb