Robert Koçaryanın cinayət işi üzrə əsas şahidlərdən biri olan keçmiş nazir intihar edib

Ermənistan Polisinin keçmiş rəisi (keçmiş daxili işlər naziri) Hayk Arutyunyanın yaşadığı evdə meyiti tapılıb.

“Report” xəbər verir ki, bunu “Sputnik Armeniya”ya Polisin Mətbuat xidmətindən bildiriblər.

Müayinə zamanı keçmiş rəisin kəllə nahiyəsində odlu silahdan açılan atəş yarası aşkar edilib.

İlkin məlumata görə, H.Arutyunyan intihar edib. Hadisə yerindən odlu silah və giliz tapılıb.

H.Arutyunyan 1999-2003-cü illərdə daxili işlər naziri, 2003-2008-ci illərdə illərdə polis rəisi, 2010-2014-cü illərdə isə Ermənistan Ədliyyə Nazirliyinin Cəzaçəkmə müəssisəsinin rəisi vəzifələrində işləyib. Onun adı 2008-ci il martın 1-2-də Yerevanda baş verən hadisə üzrə başlayan cinayət işində şahid qismində keçir.

Qeyd edək ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd – Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, 230 nəfər yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi yenilənib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Adları yuxarıda qeyd edilənlər Konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunurlar.

ƏvvəlkiNovruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib
NövbətiPakistanın XİN başçısı Ermənistanı qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa çağırıb