Qubada “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən növbəti “KOB Fest” sərgi-satış yarmarkası iyunun 18-də Quba rayonunda təşkil olunacaq.

Bu barədə “Report” KOBİA-ya istinadən xəbər verir.

KOBİA Quba rayonunun sakinlərini və qonaqlarını “KOB Fest”ə dəvət edir. Yarmarkada KOB subyektləri tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. “KOB Fest” çərçivəsində həmçinin, təhsil, informasiya texnologiyaları, maliyyə və s. xidmət sahələrində bölgədə fəaliyyət göstərən KOB-ların xidmətləri təqdim olunacaq. Festival ərzində mədəni-əyləncəli proqram təşkil ediləcək.

Aprel ayından start götürən “KOB Fest” sərgi-satış yarmarkasının təşkilində məqsəd müvafiq şəhər və rayonlarda fəaliyyət göstərən KOB subyektlərinin istehsal etdiyi məhsulların satışına dəstək olmaq, yerli məhsulları tanıtmaq, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələri genişləndirməkdir.

Quba rayonunda Nizami parkında keçiriləcək “KOB Fest” sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.

ƏvvəlkiAzərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb
NövbətiOmbudsman Aparatında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib