Quba və Şabranın yanğına məruz qalmış meşə fondu bərpa olunur

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yanğından yaşıllığa” kampaniyası çərçivəsində ölkə ərazisinin yanğına məruz qalmış meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir.

Payız ağac əkini mövsümündə Şabran, Siyəzən, Quba, Xaçmaz, Qəbələ, Oğuz və Zaqatala rayonlarının yanğına məruz qalmış meşə fondu ərazilərində meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə hazırlanan xüsusi proqram çərçivəsində yanğınlardan zərər görmüş sahələr təmizlənərək əkinə hazır vəziyyətə gətirilir.

IDEA İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, bu gün Quba və Şabran rayonlarının yanğına məruz qalmış meşə fondu sahələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının, IDEA İctimai Birliyi və ETSN könüllülərinin iştirakı ilə meşəbərpa tədbirləri aparılıb. Quba rayonunda 2 hektar ərazidə 200 kiloqram palıd toxumu səpilib, Şabran rayonunda isə 2 hektar ərazidə 1650 ədəd müxtəlif növ ağac əkilib, 120 kiloqram palıd toxumu səpilib.

IDEA İctimai Birliyi və ETSN-in birgə təşkilatçılığı ilə həyata keçirilən kampaniya zamanı meşə fondu torpaqlarının yanğına məruz qalmış ərazilərində hər bölgənin torpaq-iqlim şəraitinə uyğun, meşə təsərrüfatlarının tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş, akasiya kimi müxtəlif cinsli ağacların əkilməsi, toxumların səpilməsi nəzərdə tutulub.

Təəssüf ki, yay mövsümündə isti və quraq hava şəraiti, əsasən də insan faktoru, ehtiyatsız davranışlar nəticəsində ölkənin müxtəlif bölgələrində meşə yanğınları baş verib və hektarlarla meşə fondu sahəsi yanğından zərər görüb.

Son illər iqlim dəyişmələri fonunda qlobal istiləşmə səbəbindən planetdə meşə yanğınları artır, ilbəil miqyası genişlənir. Bu şəraitdə insanların odla ehtiyatsız davranışı, yaşıllıqlara olan etinasızlığı daha çox ərazilərin yanğına məruz qalmasına, daha böyük fəsadların, o cümlədən ağacların məhvinə, ətraf mühitin və biomüxtəlifliyin, kənd təsərrüfatı sahələrinin ciddi zərər görməsinə səbəb olur.

Bu səbəbdən torpaq sahibləri, fermerlər, turistlər və bütün vətəndaşlar yanğın təhlükəsizliyi qaydalarına əməl etməli, yanğınlara şərait yaradan hallara yol verməməlidir.

Meşə ilə örtülü sahələr Azərbaycan ərazisinin 11,8 faizini təşkil edir. Meşələr bizi təmiz hava və sağlam məkanlarla təmin edir. Suyu təmizləyir, torpaqlarımızı eroziya, daşqın və digər təhlükələrdən qoruyur, yerli və qlobal iqlim şəraitini tənzimləyir, planetimizin flora və faunasının 80 faizinə ev sahibliyi edir, yanacaq istifadəsindən əmələ gələn karbon qazının üçdəbirini udmaqla, iqlim dəyişikliyi ilə mübarizədə bizə kömək edir. Meşə ehtiyatları ölkəmizin, xüsusən regionların iqtisadi inkişafına və ümumiyyətlə insanların dolanışığına böyük töhfə verir.

Bütün bunları nəzərə alaraq, meşələrin bərpası və genişləndirilməsi üzrə həyata keçirilən tədbirlər bir çox Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusən də Məqsəd 3 (Səhiyyə və rifah), Məqsəd 13 (İqlim dəyişikliyi), Məqsəd 15 (Torpaq ekosisteminin mühafizəsi) və digər məqsədlərə nail olunmasına xidmət edir.

“Yanğından yaşıllığa” kampaniyasının təşkilatçıları hamını əvəzedilməz həyat mənbəyi olan meşələrimizi qorumağa, ölkəmizin və planetimizin dayanıqlı gələcəyini təmin etməyə dəstək olmağa çağırır.