Qondarma soyqırımının muzdlu havadarları- ELDAR HƏSƏNOV YAZIR

2019-cu ilin 29 oktyabr tarixidə ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamə siyasi, hüquqi və tarixi baxımdan heç bir çərçivəyə sığmır. Bu qətnamənin qəbul edilməsini uzun illər müttəfiq olan ABŞ-Türkiyə münasibətləri tarixində yalnız qısa müddətli maraqlara hesablanmış tələsik qərar hesab edirəm. Məlum olduğu kimi, bu qətnamənin heç bir təsir qüvvəsi yoxdur. İndiyə qədər ermənilərə havadarlıq edən bəzi ölkələr bu qondarma soyqırımı ilə bağlı müxtəlif qətnamə və qərarlar vermişlər. Reallıqda onlar heç bir şeyi dəyişmədiyi kimi, bu qərar da bir şeyi dəyişmir. Sadəcə olaraq, bir dövlətin qanunverici orqanının qərəzli lobbiçilik maraqlarının təsiri altına düşməsi və siyasi instrument kimi istifadə olunması, dayanıqsız, qısamüddətli maraqlara hesablanmış siyasət təəssüf doğurur. Bu cür davranışlar Türkiyə dövlətinin və xalqının daha da mətin, güclü və həmrəy olmasına xidmət edir. Bütün dünyada bir ədalətsizlik baş alıb gedir. O qədər ki, 100 il bundan qabaq baş vermiş hadisələrə qiymət verənlər 1975-ci ildən 1983-cü ilə qədər ASALA terror təşkilatının Avropa və Şimali Amerika ölkələrində türk diplomatlarına və onların ailə üzvlərinə qarşı törətdiyi amansız qətlləri unudurlar. Səfir çalışdığım Serbiyada Türkiyə səfiri olmuş Qalib Balkarın 9 mart 1983-cü ildə Belqradda iki erməni terrorçusu Andranik Boqosyan və Raffi Elbekyan tərəfindən qətlə yetirilməsi erməni terrorizminin bariz nümunələrindəndir. Tarix boyu həmişə elçilər toxunulmaz və imtiyazlı hesab olunublar. Avropanın gözü qarşısında – Parisdə, Vyanada, Brüsseldə, Vatikanda, Madriddə, Afinada, Cenevrədə, Lissabonda – (Amerikanın özündə – Santa Barbara, Los Ancelesdə, Bostonda) Türkiyə diplomatları şəhid ediləndə bəzi ölkələr hətta terrorçuların cəzadan yayınması üçün də əllərindən gələni etmədilərmi? 100 il bundan əvvəl bütün dünya Birinci Dünya müharibəsindən çalxalanan, milyonlar həlak olan zaman yalnız ermənilər varmış kimi, o vaxtkı hadisələri “soyqırım” adlandıranlar 27 il bundan öncə xüsusi amansızlıqla törədilən və faktlarla, dəlillərlə sübuta yetirilmiş Xocalı soyqırımını niyə görməzdən gəlirlər? Beynəlxalq hüquq və beynəlxalq münasibətlər sistemi öz qürubunu yaşayır. Fərqli standartlar, qərəzli və ədalətsiz yanaşmalar siyasi mübarizənin önünə keçib. Bu uzun müddət davam edə bilməz. Artıq beynəlxalq ictimaiyyət daha ayıq və sayıqdır. Artıq kimin nə olduğu, hansı pərdələr arxasında nə siyasətlər yürüdüldüyü hər kəsə bəllidir. Bunu açıq deyənlər də, müəyyən səbəblərə görə susanlar da var. Amma gerçəklər indi daha qabarıq görünür. Türkiyə yerləşdiyi regionda və dünya siyasətində öz çəkisi və ağırlığı olan ölkədir, minillik tarixi olan dövlətdir. Türkiyə ilə müttəfiqliyin dəyəri bilinməlidir. Bu cür qətnamələr ABŞ-ın geostrateji maraqlarına deyil, ermənilərin ədalətsiz və əsassız iddialarına müvəqqəti xidmət edir. Qondarma erməni soyqırımını tanıyan azsaylı ölkələrin sıralamasına və ardıcıllığına baxanda da görə bilərsiniz ki, bu dövlətlər Türkiyəyə qarşı qisasçılıq duyan ya da ki erməni icmasının təsirli olduğu ölkələrdir. Yəni, bir daha bəlli olur ki, “erməni soyqırımı” bəzi ölkələrin əlində siyasi alət və Ermənistanın siyasi rəhbərliyinin erməni xalqını nəyin bahasına olursa olsun “həmrəy” saxlamaqdan ötrü düşünülmüş bir ucuz vasitədir, heç bir perspektivi olmayan siyasi bir oyundur. Bu arada tarixə qısa bir rakurs etməkdə fayda var: ermənilər Osmanlı zamanında və Türkiyədə ən imtiyazlı xalqlardan biri olmuşdur. Ermənilərin öz məktəbləri, daha sonra isə xüsusi liseyləri, kilsələri olub. Hətta yüksək dövlət vəzifələrində də çalışıblar. Bütün bunlara baxmayaraq bir qrup nankor erməni Osmanlı və Türkiyə hakimiyyəti əleyhinə açıq təbliğat aparan qəzet və kitablar nəşr ediblər. Hətta müharibələrdə belə, qeyri-müsəlman xalq kimi Osmanlı ordusunda xidmət etməyən ermənilər ancaq varlanmaq, tüccarlıq etmək, mülk, torpaq sahibi olmaq, müxtəlif sənət və peşələrə yiyələnməklə məşğul olmuşlar. Orduda bir çox hallarda yalnız muzdla xidmət etmişlər (yəni o zamanlar vətəni olan torpaqların müdafiəsini belə muzdla etmişlər). Arxiv sənədlərindən o da məlumdur ki, Osmanlı ordusunda xidmət edən ermənilərin əksər hallarda düşmən tərəfə keçməsi, satqınlıq və fərarilik etməsi isə zaman-zaman elə bir həddə çatmış ki, bunun qarşısını almaq üçün xüsusi tədbirlər görülmüş, onlar kütləvi şəkildə tərxis edilmişlər. Sonra da Osmanlı Birinci Dünya müharibəsində savaşarkən, qoynunda bəslədiyi, təəssübkeşliyini çəkdiyi bu ermənilər ona arxadan zərbə vurmağa cəhd edəcək, gücünü də arxa cəbhədəki qadın, yaşlı, uşaqlara göstərəcək, minlərlə mülki şəxsi və silahsız insanları qətlə yetirəcək. Bütün bunların hesabını sormaq istəyən Osmanlı İmperiyasına isə soyqırım etdi deyəcəklər. Bu xəyanətlərə rəğmən ermənilər bu gün də heç bir ayrı seçkiliyə məruz qalmadan rahat şəkildə Türkiyədə yaşayır, öz dini etiqadlarını sərbəst həyata keçirir, parlamentdə təmsil olunurlar. Bütün bunlar Türkiyə dövlətinin humanistliyinin, dünyəviliyinin göstəricisidir. Türkiyə dövləti arxivləri açaq deyir, Ermənistan açmır. Niyə? Əgər soyqırım dediyiniz kimi olubsa, niyə bu tarixi imkandan yararlanmaq və ədaləti bərqərar etmək istəmirsiniz? Çünki özünüz də bilirsiniz ki, soyqırım olmayıb və ola bilməz. Bu yalnız xəstə təxəyyüldür. Düşünə bilərsinizmi əsrlərlə Osmanlı İmperiyasında yaşayan ermənilərin başından bir tük əskik olmadı, bütün imtiyazlara sahib oldular. Və bütün gücünü Birinci Dünya müharibəsinə yönəldən Osmanlı 1915-ci ildə qəfildən erməniləri “qırmağa” qərar verdi?! Məsələnin digər məntiqsizliyi ondan ibarətdir ki, tarixdə bir sıra imperiyalar mövcud olub və indi həmin imperiyaların birbaşa və ya dolayısı ilə varis dövlətləri var. Görəsən həmin imperiyaların hesabı bu varis dövlətlərdən niyə soruşulmur? Hətta 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri İsveçrənin Sürix şəhərində “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”nu imzaladılar. İkinci protokola əsasən erməni, türk, İsveçrə və digər beynəlxalq ekspertlərin iştirakı ilə alt komissiya yaradılması nəzərdə tutulurdu. Komissiya iki xalq arasında qarşılıqlı etimadın bərpa edilməsinə yönəlmiş, o cümlədən tarixi sənədlərin və arxivlərin qərəzsiz elmi tədqiqi yolu ilə problemlərin həlli üçün tövsiyələr hazırlamalı idi. Ermənistanın bu protokola imza atmasını bir sıra erməni ekspertləri və onların təsir dairəsində olan bəzi Qərb KİV-ləri “soyqırım” iddiasını rəsmi Ermənistanın özünün şübhə altına alması kimi şərh etdilər. Lakin, Ermənistan sonradan bundan da hiyləgərcəsinə boyun qaçırdı. Daha obyektiv, ədalətli və məntiqi olardı ki, ABŞ Nümayəndələr Palatasının üzvləri Ermənistanın, erməni patriarxının və Massaçusetdəki “Daşnaqsütün” arxivlərinin açılması ilə bağlı qətnamə qəbul etsin. “Erməni soyqırımı” iddialarının əsassız və qondarma olması ilə bağlı minlərlə mənbə movcuddur. ABŞ Nümayəndələr Palatasının üzvləri bu mənbələrdən xəbərsiz ola bilər. Amma ən azından Amerikanın konstitusiya hüququ və beynəlxalq hüquq üzrə tanınmış mütəxəssisi, ABŞ Prezidenti Ronald Reyqanın Hüquq müşaviri işləmiş Bryus Feinin söylədiklərini duymamış deyillər: “Reyqanın prezidentliyi dövründə, 1981-ci ildə Ağ Evin apardığı araşdırma zamanı ermənilərin əsasən Fransa və Rusiyanın dəstəyi ilə 2 milyon osmanlını qətlə yetirdiyi ortaya çıxdı. Ermənilərin onlara qarşı soyqırım edilməsi ilə bağlı iddiaları əsassızdır. Ermənilər öz arxivlərini açmırlar, çünki bu həqiqətlərin ortaya çıxmasını istəmirlər. Osmanlı İmperiyası milli azlıqlara qarşı müdhiş qayğı və hörmətlə yanaşırdı. Azlıqlar öz dini azadlıqlarını və həyatlarını çox rahat yaşayırdılar”. B.Fein Amerika kimi digər qərb ölkələrinin də ermənilərin yalanlarına inandığını əlavə edərək, “burada əsas önəmli məsələ, ermənilərin öz ölkələrinə xəyanətidir. Osmanlı özünü müdafiə etməli və xəyanətin qarşısını almalı idi. ABŞ-da yaşayan ermənilər soyqırım yalanından böyük pullar qazanır. ABŞ hökuməti də ortada böyük pullar olduğundan erməniləri qarşısına almaq istəmir” deyir. Və ya ABŞ-ın Louisvill Üniversitetinin Tarix Professoru JustinMakkartinin sözlərinə görə ”Əlimizdə minlərcə sənəd və sübut var. Bu sənədlər türklərin deyil, ermənilərin soyqırım törətdiyini təsdiq edir. Osmanlı arxivləri açıqdır, ermənilər isə açmaq istəmir. Bir dövlətin, vətəndaşlarının hakimiyyətə qarşı qiyamının qarşısının alınması soyqırım sayıla bilməz. Ermənilər yaşadıqları dövlətə qarşı baş qaldırdılar. Bunun adı nədir? Buna vətənə xəyanət deyirlər”. Hətta o zamanlar Osmanlıya qarşı döyüşən orduların əsgərləri belə ermənilərin mülki şəxslərə qarşı amansızlığına dözə bilməmişlər. Belə ki, rus ordusunun zabiti Xlebovun “Erməni dəstələrinin məsum türkləri öldürməsinəseyirçi qalmamız mümkün deyil” deyərək özünün Ərzurumdakı işinə xitam verilməsi ilə bağlı xahişi də bir faktdır. 1905-1922-ci illərdə ermənilərin Ərzurum, Van, Qars, Iğdır, Ərzincan, Bitlis, Muradiye, Malazgirt, Sarıkamış, Diyarbakır, Muş, Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ və Naxçıvanda 2,5 milyon mülki şəxsi amansızcasına qətlə yetirməsi sənədlərlə və faktlarla sübut olunub. Bəs buna niyə “ədalət, haqq carçıları” olan dövlətlər göz yumur, susur? Soyqırıma məruz qalmaları barədə bəzi ölkələrə, parlamentlərə yalvararaq “məzlum ermənilər” tərəfindən faşist ideologiyasına xidmət edən, türklərə və azərbaycanlılara qarşı qəddar qətilərin təşkilatçısı və onun birbaşa icraçısı olan Qaragen Njdeyə İrəvanda abidə qoyulması, habelə dünyanın terrorçu hesab etdiyi şəxsləri – başda Andranik Ozanyan olmaqla Dro, Varujan Karepetyan, Monte Melkonyan, Vazgen Sarkisyanın qəhrəmanlaşdırılması ermənilərin yürütdüyü faşist anti-türk, anti-Azərbaycan siyasətinə dəlalət edir. Danılmaz bir həqiqətdir ki, XVIII əsrin sonlarında Avropanın bəzi mərkəzlərindən qaldırılan və dəstəklənən «erməni məsələsi» əslində Osmanlı İmperiyasının məhv edilməsi və onun ərazilərinin ələ keçirilməsi planının tərkib hissəsi olub. Bu plan 1878-ci ildə Berlin Konqresində gündəliyə gətirilmişdi. Şərqi Anadoluda ermənilərə muxtariyyət verilməsi barədə Berlin müqaviləsinə 61-ci maddənin daxil edilməsindən sonra ermənilər istəklərinə silah gücünə nail olmaq yolunu tutdular. Erməni silahli dəstələrinin təşkil edilməsi, onların üsyana hazırlanması üçün Avropa dövlətləri gərgin səy göstərdilər. Avropanın dəstəyi ilə formalaşan “Armenakan”, “Hnçak” və “Daşnaksutyun” partiyaları Anadoluda gizli silahlı dəstələr və terrorçu qruplar təşkil edirdilər. Hətta Türkiyə erməniləri “Qərbi Ermənistan” adlandırdıqları Şərqi Anadolunun 6 vilayətində – Van Ərzurum, Bitlis, Xarput, Diyarbəkir, Sivasda müstəqil dövlət qurmaq üçün hər yerdə türkləri qırıb məhv etməyə başlamışdılar. O da qeyd olunmalıdır ki, Rusiya hökuməti tərəfindən 19 və 20-ci əsrlərdə yüz minlərlə erməni Türkiyədən Zaqafqaziyaya – əsasən Azərbaycanın Yelizavetpol və İrəvan quberniyalarına, Qarabağa, Zəngəzura, Naxçıvana, İrəvana və Göyçəyə – köçürülməsi təşkil ounmuşdur. Bu nun nəticəsində, həmçinin Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycan ərazilərinə köçürülən ermənilər isə xislətlərinə sadiq qalaraq sonradan bu ərazilərə qarşı əsassız iddialar irəli sürməkdə və xalqımızın əzəli torpaqlarını havadarlarının dəstəyi və hərbi güc yolu ilə işğal altında müvəqqəti də olsa saxlamaqda davam edirlər. Əslində, yuxarıda sadalanan faktlar və məlumatlar nə yeni, nə də təəccübləndirici deyil. Qərb ölkələrinin tarixçiləri və siyasətçiləri bunları bilməmiş deyillər. Haqq naminə demək lazımdır ki, zaman-zaman təhdid və təzyiqlərə baxmayaraq, ədalət carçısı olan cəsarətli tarxiçilər və alimlər erməni yalanlarını faktlarla, dəlillərlə ifşa edirlər. Amma, təəssüf ki, bəzi dövlətlərin parlamentlərinin Türkiyəyə qarşı kin- küdurət və fürsətçilik hissləri onları kor kimi davranmağa və tarixi həqiqətləri danmağa vadar edir. Davası hakk olanın yardımçısı Allahtır, Hakk olan davada zəfər də muhakkaktır! Eldar Həsənov Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviri.

ƏvvəlkiBakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir
NövbətiTramp “S-400”-lərin Türkiyədə mövcudluğunun yolverilməzliyi barədə Ərdoğana məlumat verəcək