QMİ sədri: Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardandır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC -a verilən məlumata görə, təbrikdə şeyxülislam qədim, mübarək bayram olan Novruz münasibətilə xalqımızı ürəkdən təbrik edib, Allah-taaladan səadət və rifah, xoş əhvali-ruhiyyə və bayram sevinci diləyib. Qeyd edib ki, Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardandır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirib. Bu gün varlığımız və salamatlığımız üçün Uca Yaradana həmd-səna edən bizlər Novruzu Allahın böyük lütfü – təbiətlə insanın əbədi təkamülünün başlanğıc günü kimi dəyərləndiririk.

Şeyxülislam təbrikində, həmçinin bildirib: “Allaha çox şükürlər olsun ki, hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişafına, Zəfər yolumuzun davamına, azad Qarabağa Böyük qayıdışımıza rəvac verir. Xalqımız bu tərəqqinin təminatını möhtərəm dövlət başçımız Prezident İlham Əliyev cənablarının qətiyyət və möhkəm iradə ilə yürütdüyü müzəffər dövlət siyasətində, müdrik islahatlarda, Qarabağda abad həyat quruculuğunda görür və bu uğurlu inkişaf yolunu təqdir edir. Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə, islami irsimizə, ümumbəşəri mədəniyyətə ehtiramlı münasibəti bu gün Qarabağda əsarətdən azad olunmuş dini-mədəni abidələrimizin bərpası sahəsində möhtəşəm quruculuq işlərində öz yüksək təzahürünü tapır. Mədəniyyət paytaxtımız Şuşadan və azad Qarabağ məscidlərinin minarələrindən azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasını tərənnüm edir. Bu mübarək günləri, Cıdır düzündə bayram tonqallarının qalanmasını bizə, bütün xalqımıza yaşatdığına görə Uca Yaradana sonsuz həmd-sənalar edir, xalqımızın və qəhrəman ordumuzun qalib sərkərdəsinə dərin minnətdarlığımızı bildiririk!”.

A.Paşazadə diqqətə çatdırıb ki, Uca Allahın inayəti, Müzəffər Ali Baş Komandanın qətiyyəti, şanlı Azərbaycan Ordusunun şücaəti, şəhid və qazilərimizin qəhrəmanlığı, bütövlükdə isə xalq və dövlət birliyi sayəsində qazanılan bu Zəfərdən sonra azad edilmiş torpaqlarımızda bu gün yeni həyat qurulur. Tarixi Qələbəmizin yaratdığı reallıqlar və Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması cəmiyyətimizdə Qərbi Azərbaycandan olan soydaşlarımızın da dədə-baba yurdlarına dönəcəyi ilə bağlı böyük inam yaradıb. Bu inam onların qəlbində qubar bağlayan torpaq və yurd həsrətinə son qoyulacağının təsəllisinə, Vətənə qayıdış arzusunun dirçəlişinə çevrilməkdədir. Bu gün Qərbi azərbaycanlılar, onların yaxınları, övladları, nəvələri əzəli yurd yerlərinə qayıtmağa, əcdadlarının ermənilər tərəfindən dağıdılan məzarlarının, vaxtilə dədə-babalarının Allaha ibadət yeri olmuş və sonradan ermənilər tərəfindən dağıdılmış məscidlərin yerləşdiyi torpaqları ziyarət etmək arzusunun gerçəkləşəcəyinə ümidləri artıb. Bu, onların həm tarixi, həm mənəvi, həm də insani haqqıdır.

“Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsini bu əziz Novruz günlərində rəhmət duaları ilə yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-taaladan şəfaət və səadət diləmək vəfa borcumuzdur. Milli-mənəvi dəyərlərimizi yüksək dəyərləndirən Ulu Öndərimizi – bu il anadan olmasının 100 illiyini qeyd edəcəyimiz Heydər Əliyevi rəhmətlə yad edirik. Biz Qarabağda dalğalanan Azərbaycan Bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfalar arzulayırıq. Həmçinin elimizin qədim adətinə görə, bayram ərəfəsində dünyadan gedənlərə rəhmət diləmək, valideynləri, ağbirçək və ağsaqqalları yada salmaq, imkansızlara, ehtiyacı olanlara yardım etmək, ailə məhəbbətini və dostluq tellərini möhkəmlətmək xalqımızın milli mədəniyyətinin ən gözəl nümunəsidir”, – deyə QMİ sədri qeyd edib.

Şeyxülislam bildirib ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək, il Dovşan bürcü üstündə təhvil olacaq, bayram axşamı martın 20-də, mübarək Novruz bayramı isə martın 21-də qeyd ediləcək.

A.Paşazadə Uca Yaradana həmd-səna, süfrələrə xeyir-bərəkət, nemətlərə şükür duaları ilə Novruza qədəm qoyan xalqımızı bir daha təbrik edib, hər ailəyə xoşbəxtlik, hər evə rifah və əmin-amanlıq arzulayıb. “Allahdan diləyim budur ki, öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərində bərqərar etsin, dövlət rəhbərimizi böyük zəfərlərlə mükafatlandırsın, bayrağımızı hər zaman uca məqamlara qaldırsın, ordumuzu daima güclü və müzəffər etsin! Novruzun qədəmləri mübarək, xalqımız üçün xeyirlərə vəsilə olsun!”, – deyə o vurğulayıb.

ƏvvəlkiAbşeron rayonunda Novruz şənliyi böyük konsert proqramı ilə davam edib
NövbətiGüzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısında dəyişiklik edilib