Qlobal Araşdırmalar Liqasının rəhbəri Azər Verdiyevin namizədliyi qeydə alındı – TƏFƏRRÜAT

Qlobal Araşdırmalar Liqasının rəhbəri Azər Verdiyevin namizədliyi 49 saylı Yevlax- Mingəçevir seçki dairəsindən qeydə alınıb. Bu barədə A.Verdiyev özü şərh paylaşıb. “Bu işdə əməyi keçən bütün komandaya təşəkkürümü bildirirəm.

İnşallah, xeyirlisi ilə seçkilərdə əlimizdən gələni edəcəyik ki, qalib olaq”-deyə, o, sözlərinə əlavə edib.

Azər Verdiyev kimdir?

Mən Verdiyev Azər Rauf oğlu 24 mart 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuşam. 1983-cü ildə Mingəçevir şəhər 13 saylı orta məktəbə daxil olmuş, 1992-ci ildə oranı bitirərək Yevlax rayon 142 saylı Texniki Peşə Məktəbinə daxil olmuşam. 1993-cü ildə Texniki Peşə Məktəbini müvəffəqiyyətlə bitirmişəm. Daha sonra 1994-cü ildə Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbinin Ümumqoşun fakültəsinə daxil olmuş, 1998-ci ildə Komandan, Zirehli tank və Avtomobil texnikasının istismarı üzrə mühəndislik ixtisasını bitirmişəm.

1998-ci ildə Qusar şəhəri “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində çalışmış, 3 aydan sonra bölük komandiri vəzifəsinə təyin edilmişəm. Bu vəzifəni 2001-ci ilə qədər uğurla icra etmiş, taborun qərargah rəisi əvəzi vəzifəsinədək yüksəlmişəm. 2001-ci ildə üzün sürən xəstəlik səbəbindən Azərbaycan Respublikası Ordu sıralarından tərxis olunaraq ehtiyata göndərildim. Xidmət dövründə verilmiş tapşırıqları vaxtında və uğurlu icrasına görə Yuxarı komandanlıqdan və Ali Baş Komandan Heydər Əliyev tərəfindən təşəkkürnamə ilə təltif edilmişəm.

Bundan sonra 2001-ci ildən 2006-cı ilə qədər səhhətimlə əlaqədar olaraq müalicə məqsədi ilə Rusiya Federasiyasına səfər etdim və şəxsi biznesimi quraraq bu illər ərzində fəaliyyətimi davam etdirdim. 2006-cı ildə Azərbaycana qayıtdım və ictimai fəaliyyətə başladım.

İlk ictimai fəaliyyətim Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası tərkibində ekspert olaraq başladı. İctimai fəaliyyətdən başqa digər sahələrdə də çalışmağa başladım. Belə ki, 2009-cu ildə “AZM Nəqliyyat” MMC-də yanacaqdoldurma məntəqəsinin rəis müavini vəzifəsində icra etdim. 2011-ci ildə “Baxı XXI əsr” MMC-də yanacaqdoldurma məntəqəsinə anbar müdiri vəzifəsinə təyin edildim. 2012-ci ildə “ZQAN” Holdinqdə biznesin inkişafı departamentə ekspert vəzifəsində çalışdım. Bununla bərabər 2012-2015-ci illərdə “E-Trans” MMC-də direktor müavini, “MR Company”nin təsisçisi vəzifələrini icra etmişəm. 2015-ci ildən etibarən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Analitik Təhlil Mərkəzinin rəhbəri təyin edilmişəm. 2016-cı ildən etibarən Qlobal Araşdırmalar Liqası İctimai Birliyini (QALİB) təsis edərək peşəkar ekspert fəaliyyətimi davam etdirmişəm.

Fəaliyyətimin informasiya təminatını yüksək səviyyədə görmək üçün 7NEWS.az saytını təsis etmişəm. Bundan başqa ASGA nəzdində bir sıra informativ layihələrin müallifi olmuşam. Dağlıq Qarabağ münaqişəsi ətrafında baş evrən prosesləri işıqlandırmaq üçün ShushaPost.az saytını təsis etmiş və baş redaktoru vəzifəsində çalışmışam. Müstəqilliyimizin 25 illiyi münasibəti ilə verdiyim təklif əsasında azerbaijan25.az informasiya resursu yaratmışam.

Bugün də müstəqil ekspert, icmalçı olaraq ölkənin nüfuzlu media qurumlarında analitik yazılarla çıxış edirəm.

Ailəliyəm, 6 övladım var.

Atam Verdiyev Rauf Adil oğlu 01.10.1948 tarixində Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub. İxtisasca mühəndis olub, hal-hazırda təqaüddədir.

Anam Rəfizadə Rəna Turan qızı 05.06.1953-cü ildə Gəncə şəhərində anadan olub. İxtisasca poliqrafiya mütəxəssisidir. Hal-hazırda işləmir.

ƏvvəlkiOnun bir arzusu var – Müstəqil Azərbaycana xidmət etmək
NövbətiQondarma soyqırımının muzdlu havadarları- ELDAR HƏSƏNOV YAZIR