Qırğızıstan-Tacikistan sərhədinin bütün perimetri boyu toqquşmalar davam edir

Qırğızıstan-Tacikistan sərhədinin bütün perimetri boyu ağır silahlardan istifadə olunmaqla bu gün səhər saatlarında başlayan toqquşmalar davam edir.

AZƏRTAC Tacikistan mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Sərhəd Qoşunlarının mətbuat mərkəzi məlumat yayıb. Mətbuat mərkəzi Tacikistan tərəfinin saat 06:30 və 07:30-da birtərəfli atəşkəs elan edərək danışıqlara başlamaq təklifinə Qırğızıstan hərbçilərinin məhəl qoymadığını bildirib.

“Qırğızıstan Respublikasının xüsusi təyinatlı qüvvələri Bogiston və Lakon kəndlərində mülki əhalinin evlərinə silahlı basqın edib, yaşayış binalarını və kommunal obyektləri yandırıblar”, – məlumatda belə deyilir.

Rəsmi Bişkekin versiyasına görə isə, sentyabrın 16-da səhər saatlarında Tacikistan tərəfdən qırğız sərhədçilərə səkkiz müxtəlif istiqamətdə atəş açılmağa başlayıb. Atışma zamanı yaralanan 31 nəfər Batken vilayət xəstəxanasına yerləşdirilib.

Qırğızıstan XİN sərhəddə hərbi toqquşmalarla bağlı etiraz notasında Tacikistan tərəfini sərhədyanı və mülki obyektlərə hücum etməkdə təqsirləndirib.

Əvvəlki“İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” adlı təlimlərə yekun vurulub
NövbətiAzərbaycan-Özbəkistan hərbi-texniki əməkdaşlığı ilə bağlı saziş Milli Məclisin plenar iclasına tövsiyə olunub