Qarabağın meşə fondunda vandalizmin miqyası ölçüyə gəlməyəcək qədər dəhşətlidir – Nazirlik rəsmisi

İşğaldan azad olunmuş ərazilərdə işğala qədər 260,3 min hekdara yaxın meşə fondu olub.

Trend-in məlumatına görə bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, həmin fondun 228 min hektarı bilavasitə yaşıllıqlarla örtülüb:

 

“Ötən müddətdə həmin ərazilərdə monitorinqlər aparılıb. İlkin araşdırmalar zamanı “Azərkosmos”dan çəkilmiş fotolara əsasən, deyə bilirik ki, 54 min hektar ərazi düşmən tərəfindən tamamilə məhv olunub.

Həmin ərazilərdə Azərbaycanın mövcud meşələrinin 34 faizi işğala qədər o ərazilərdə olub. Bu ilkin məlumatlara görə hesablanan nəticələrdir. Məhv olunan elə ərazilər var ki, meşə fonduna aid olmasa da yaşıllıq ərazilər olub. Vandalizmin miqyası ölçüyə gəlməyəcək qədər dəhşətlidir. Təbiətimizi məhv ediblər”.