Prezident nazir Sahil Babayevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib.

“Report” xəbər verir ki, ölkəmizdə həyata keçirilən sosial islahatlardan danışan Prezident İlham Əliyev deyib:

– Sosial sahədə aparılan islahatlar bu il davam etdirilir. Bu islahatlar çox genişmiqyaslı islahatlardır və nəticə etibarilə Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan önəmli addımlardır. Xüsusilə keçən il 4 milyondan artıq Azərbaycan vətəndaşının maddi rifahı yaxşılaşdırıldı, çox böyük sosial paket icra edildi. Bu, bir daha onu göstərir ki, Azərbaycan hökuməti daim öz vətəndaşının yanındadır və maddi imkanları hələ də məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir.

Bu il bu istiqamətdə növbəti addımlar atılır və atılacaq. Pensiyaların artırılması təmin edildi. Bu, bir daha onu göstərir ki, ötən il həyata keçirilən ciddi sosial paket bizim məqsədyönlü seçimimizdir. Əminəm ki, vətəndaşlarımızın sosial vəziyyəti ildən-ilə daha da yaxşılaşdırılacaqdır. Pensiya təminatı ilə bağlı görülmüş işlər, xüsusilə bu il yanvarın 1-dən görülmüş işlər haqqında məlumat verin.

Nazir Sahil Babayev: Təşəkkür edirəm, möhtərəm cənab Prezident. Siz qeyd etdiyiniz kimi, ötən il həyata keçirilən çox geniş sosial islahatlar paketinin önəmli bir istiqaməti məhz pensiyalar idi. Ölkədə minimum pensiyanın 72 faiz artırılması nəticəsində 660 min pensiyaçımızın pensiyalarında ciddi şəkildə artım oldu və minimum pensiyanın alıcılıq qabiliyyəti parametri üzrə Azərbaycan MDB məkanında birinci yerdə qərarlaşdı. Əlavə olaraq əməkhaqqı artımları ilə bağlı, xüsusi şərtlərlə pensiya alan 90 min pensiyaçımızın da pensiyaları orta hesabla 31 faiz artdı və bu da ümumilikdə ötənilki paketin 750 min insanı əhatə etməsini təmin etdi.

Digər tərəfdən, bu il sosialyönümlü islahatların davamı olaraq Sizin imzaladığınız Sərəncamla bütün pensiyalar 16,6 faiz indeksləşdirildi. Bunun nəticəsində, Azərbaycanda bütün pensiyalar üzrə orta aylıq pensiya 300 manatın üzərində oldu. Sırf yaşa görə pensiyanı götürdükdə isə bizim gözləntimiz orta aylıq pensiyanın 350 manata çatmasıdır. Bu da əlbəttə ki, son 2-3 ildə Sizin rəhbərliyinizlə və təşəbbüsünüzlə aparılan genişmiqyaslı sosial islahatların nəticəsi və uğurudur.

Ümumiyyətlə, son islahatlarınızın maliyyə dəyəri 560 milyon manata bərabərdir. Yəni, cari il ərzində indeksləşdirmə hesabına pensiyaçılarımıza əlavə olaraq 560 milyon manat vəsait ödəniləcəkdir. Ötənilki islahatları da nəzərə alsaq, – ümumi illik maliyyə dəyəri 450 milyon manata yaxın idi, – cəmi bir il ərzində qəbul edilmiş qərarlar nəticəsində pensiyaçılarımıza bir milyard manatdan artıq vəsait ödənilir. Bu vəsait də tam şəkildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşılanır və dövlət büdcəsi üçün əlavə yük yaratmır.

Aparılan islahatların nəticəsində Dövlət Sosial Müdafiə Fondunun özündə də ciddi sağlamlaşma təmin olundu. İlk dəfə olaraq dövlət öhdəlikləri hesabına maliyyələşən pensiyalar üçün ayrılmış vəsaitin 320 milyon manatı dövlət büdcəsinə geri qaytarıldı – 150 milyon manatı büdcə paketinin dürüstləşməsi çərçivəsində ilin ortasında, 170 milyon manatı isə ilin sonunda. Əsassız və saxta təyinatların ləğvi nəticəsində əlavə olaraq 200 milyon manat qənaət əldə edildi ki, bu da cari ildəki pensiya islahatlarına yönəldilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun ehtiyatlarında qaldı. Yəni, ümumilikdə, 520 milyon manat fərq meydana çıxdı ki, bu da pensiya sisteminin sağlamlaşması nöqteyi-nəzərindən çox önəmlidir. Bir vacib indikator da odur ki, dövlət öhdəliklərinin maliyyələşməsi üçün dövlət büdcəsindən Pensiya Fonduna ayrılan vəsait onun gəlirlərində əgər 2017-ci ilin sonunda 38 faiz təşkil edirdisə, artıq 2020-ci ildə bu, 29 faizə düşübdür. Beləliklə, Pensiya Fondunun müstəqilləşməsi ilə büdcə asılılığının azaldılması istiqamətində ciddi irəliləyiş əldə edilibdir.

Prezident İlham Əliyev: Çox yaxşı göstəricilərdir və bu işlər davam etdirilməlidir. Pensiya təminatının alıcılıq qabiliyyətinə görə Azərbaycanın MDB məkanında birinci yerdə olması, hesab edirəm ki, böyük nailiyyətdir. Əlbəttə, iqtisadi imkanlarımız genişləndikcə biz bu vəsaiti, ilk növbədə, sosial məsələlərin həllinə yönəldəcəyik.

Ünvanlı sosial yardımla bağlı sizə göstəriş vermişdim ki, onun əhatə dairəsi genişləndirilsin. Son müddət ərzində iqtisadi sahədə canlanma var, iqtisadi artım təmin edilir, o cümlədən sənaye istehsalında, – qeyri-neft sektorunda sənaye istehsalı təqribən 15 faizə yaxın artıbdır, – yeni iş yerləri yaradılır, vətəndaşlar üçün yeni imkanlar açılır. Ancaq buna baxmayaraq, mən göstəriş vermişdim ki, hələ də dövlət dəstəyinə ehtiyacı olan vətəndaşların dövlət təminatı təmin edilsin və bu vətəndaşların sayı artırılsın. Bu sahədə dinamika necədir və mənim göstərişim necə icra olunur?

Sahil Babayev: Cənab Prezident, Sizin bu növbəti təşəbbüsünüzə uyğun olaraq biz ünvanlı sosial yardım mexanizmini ötən il ərzində ciddi şəkildə genişləndirdik. Əgər 2019-cu ilin əvvəlində 40 min ailə bu proqramdan yararlanırdısa, ilin sonunda artıq ailələrin sayı 72 min oldu. Yəni, bir il ərzində çox ciddi şəkildə, təqribən 60-70 faizlik bir artım əldə edildi. Digər tərəfdən, bu il üçün dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində 85-90 min ailənin ünvanlı sosial yardımla əhatə olunması planlaşdırılır. Bu da ünvanlı sosial yardım proqramının əlavə olaraq daha 20 faiz genişləndirilməsi deməkdir. Bununla bərabər, kriteriyaların yumşaldılması və bu istiqamətdə əhaliyə dəstək verilməsi barədə Sizin tapşırığınız olmuşdu. Artıq ötən il bir sıra istiqamətlərdə addımlar atıldı, torpaq pay mülkiyyəti ilə bağlı yüngülləşmələr tətbiq olundu, sırf o islahatın nəticəsində əlavə 7 min ailə ünvanlı sosial yardım proqramına daxil ola bildi. Bu il üçün də kommunal xərclərin limitinin artırılmasına dair təkliflər hazırlanmışdır və hökumət tərəfindən müzakirə olunur. Yeni parlament tərəfindən qanunvericiliyə edilən dəyişikliklərlə biz 85-90 min ailənin məhz ünvanlı sosial yardım proqramı ilə əhatə olunmasını təmin edəcəyik.

Paralel olaraq, ehtiyac meyarının bir il ərzində ciddi şəkildə – 10 faizdən çox artırılması, 143 manatdan 160 manata çatdırılması imkan verdi ki, ünvanlı sosial yardımın məbləği də artsın. Əgər 2018-ci ildə ünvanlı sosial yardımın məbləği 160 manat idisə, ötən il 200 manata çatdı. Bu il üçün proqnozlarımıza əsasən, bu rəqəm 215-220 manat arasında olacaq. Deməli hər ay ünvanlı sosial yardım alanlar bu qədər vəsaitlə təmin olunacaqlar.

Prezident İlham Əliyev: Bu, hər ailənin büdcəsinə böyük töhfədir. Hər ailə dövlətdən 215 manat alacaqsa, əlbəttə ki, bu ailələrin sosial təminatı daha da yaxşı olacaq.

İlin əvvəlində mən göstəriş vermişdim ki, bu il şəhid ailələri və müharibə veteranları üçün daha çox sayda evlər tikilsin. Biz bu vətəndaşların sosial təminatını ildən-ilə yaxşılaşdırırıq. Keçən il 934 ailəyə ev verilib. Mən göstəriş vermişdim ki, biz bu həcmi artıraq və bu il 1500 ailə üçün evlərin təqdimatı nəzərdə tutulur. Bu istiqamətdə işlər nə yerdədir və iki ay ərzində hansı işlər görülüb?

Sahil Babayev: Cənab Prezident, çox düz buyurursunuz. Ötən il 934 mənzil və fərdi ev təqdim olundu. Onların 300-ü fərdi evlər, 634-ü mənzillər idi. Biz bu proqramla respublikanın 25 rayonunu əhatə etmişik. Sizin tapşırıqlarınıza uyğun olaraq bu proqram cari ildə daha da genişləndirilib – 1500 mənzili və fərdi evi əhatə edib. Proqram 52 rayonumuz əhatə olunmaqla 700 mənzili və 800 fərdi evi nəzərdə tutur. Artıq bütün inventarlaşma işləri yekunlaşdırılıb, müvafiq satınalmalar elan edilib. Bu il Gəncə istisna olmaqla, respublikanın əsas şəhərlərində növbədə olan bütün insanlar mənzil və evlə təmin ediləcəklər. Gəncədə 170 nəfər növbədədir, onların da 100 nəfərinə bu il evlər, mənzillər təqdim olunacaq. Fərdi evlər proqramı çərçivəsində 52 rayon üzrə 800 fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə təqdim olunacaq. Builki proqramın icrası nəticəsində 2014-cü ilə qədər növbəyə duran insanların sayı 1500-ə düşəcək. Bununla bağlı da Sizin tapşırıqlarınız olub ki, onları da sürətlə yekunlaşdıraq.

Prezident İlham Əliyev: Çox yaxşı, bu sürətlə getsək, həmin kateqoriyadan olan və növbədə duran bütün vətəndaşları biz 2021-2022-ci illərdə evlərlə, mənzillərlə təmin edəcəyik.

Özünüməşğulluq proqramı ilə bağlı hansı işlər görülür? Mən göstəriş vermişəm ki, bu proqramın əhatə dairəsi genişləndirilsin. Eyni zamanda, biz Dünya Bankını bu məsələyə cəlb etdik. Mənim Dünya Bankının icraçı direktoru ilə Davosda keçirdiyim görüşdə bu məsələ müzakirə olundu. Dünya Bankı bizə həm maliyyə dəstəyi göstərəcəkdir, eyni zamanda, məsləhət xidmətlərini təmin edəcəkdir.

Siz mənə məruzə etmişdiniz ki, tələbat kifayət qədər böyükdür. Təqribən 50 minə yaxın müraciət olubdur. Mən göstəriş vermişdim ki, bu il ən azı 10 min insan bu proqramla əhatə olunsun. Proqramla əhatə olunma istiqamətində, əlbəttə ki, nazirlik tərəfindən meyarlar işlənilib, təmin edilib, vətəndaşlar treninqlərdən keçiblər. Ancaq əsas məsələ ondadır ki, vətəndaşları bu işə cəlb edəndən sonra özünüməşğulluqla bağlı monitorinq keçirilsin. Çünki dünya praktikasında özünüməşğulluq proqramı ilə əhatə olunan cəmi vətəndaşların təqribən 50 faizi bu imkandan səmərəli şəkildə istifadə edə bilir. Məsələn, elə hallar var ki, rayon və kənd yerlərində mal-qara ilə təmin olunan vətəndaşların bəziləri o mal-qaranı aparıb bazarda satır və beləliklə məsuliyyətsizlik göstərirlər. Halbuki bu işdə əsas məqsəd ondan ibarətdir ki, vətəndaşlar verilən vasitələrlə öz dolanışıqlarını sonra özləri təmin etsinlər. Əgər vətəndaşlar dövlət tərəfindən verilən vəsaitə belə yanaşacaqlarsa, bu, dözülməzdir. Bu vətəndaşlara ikinci dəfə heç bir dəstək göstərilməməlidir, o cümlədən onlar ünvanlı sosial yardımdan da məhrum edilməlidir. Ona görə ki, dövlət öz xoş niyyətini göstərir. Ancaq vətəndaşlar da buna məsuliyyətlə yanaşmalıdırlar. Özünüməşğulluq proqramı ilə əhatə olunmaq istəyənlərin sayı kifayət qədər çoxdur və kriteriyalar əsasında onların arasında seçim edilir. Əgər bu proqrama düşən vətəndaşlar özlərini belə aparacaqlarsa, əlbəttə ki, çox ciddi tədbirlər görülməlidir. Bu il bu istiqamətdə hansı işlər görülüb və ilin sonuna qədər hansı işlər görüləcəkdir?

Sahil Babayev: Möhtərəm cənab Prezident, özünüməşğulluq proqramı həqiqətən də əhalidə çox böyük maraq oyadıbdır. Məşğulluq proqramında iştirak etmək niyyəti olan insanlar çoxdur. Siz rəqəmi qeyd etdiniz, 50 minə yaxın müraciət var. Ona görə də biz orada prioritetləşməni bu şəkildə qoyduq ki, əlilliyi olan şəxslər, şəhid ailələri, məcburi köçkünlər, ailəsində şəhid və əlil olan insanlara üstünlük verək. Əgər 2017-ci ildə bu proqram 1500 ailəni əhatə etmişdisə, 2018-ci ildə 7 min, 2019-cu ildə 10 min ailəni əhatə etdi. Bu il üçün biz 11 mini hədəf müəyyən etmişik.

Biz proqrama beynəlxalq təşkilatları da cəlb etmişik. Sizin müvafiq görüşünüzdən və tapşırığınızdan sonra Dünya Bankı ilə aparılan müzakirələr uğurla başa çatdı. Müqavilə layihəsi artıq yekun olaraq razılaşdırılıb və martın sonunda Dünya Bankının Direktorlar Şurasının təsdiqinə təqdim ediləcəkdir. Biz Dünya Bankının prosedurlarını nəzərə alaraq düşünürük ki, müqavilə may, yaxud iyun ayına qədər imzalanacaq. Lakin buna baxmayaraq, biz hazırlıq işlərini davam etdiririk. Artıq layihə icra qrupu da formalaşdırılıb və hazırlıq tədbirlərinə tam şəkildə başlanılıbdır. Bu il Dünya Bankının layihəsi çərçivəsində ən azı min ailənin maliyyələşdirilməsini planlaşdırırıq. Növbəti ildən artıq 5 min ailə Dünya Bankının layihəsi ilə maliyyələşəcəkdir.

Biz BMT-nin İnkişaf Proqramı ilə 500 ailənin özünüməşğulluğunun təşkil edilməsi üzərində iş aparırıq. Artıq onlar bütün təlimləri keçiblər, bu ildən aktivlərlə təmin olunacaqlar. BMT-nin İnkişaf Proqramının verdiyi yeni təcrübəni, yeni yanaşmanı biz digər layihələrimizdə də tətbiq edəcəyik. Paralel olaraq, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə biz “Sosial bağlar” layihəsi çərçivəsində hər il 250 ailəni də özünüməşğulluq proqramı vasitəsilə maliyyələşdiririk. Hər il 250 ailə üçün təqribən bir hektar ərazidə bağ salınıb ki, onların da davamlı gəlirliliyi təmin olunsun.

Əlbəttə, bu proqramın icrasının ən önəmli istiqaməti onun davamlılığı və səmərəliliyidir. Biz bununla bağlı monitorinq proqramını müəyyən etmişik. Hər rüb monitorinqlər keçirilir. İlk ilinin tamamından sonra biz monitorinqləri daha aktiv həyata keçirməyə çalışırıq. Çünki birinci ilin monitorinqləri çox yüksək – 85-90 faizin üzərində nəticələr göstərir. Amma səmərəliliyin daha düzgün, daha real qiymətləndirilməsi üçün ikinci ilin monitorinqləri önəm kəsb edir. Biz ictimai şəffaflığın təmin olunması üçün də müvafiq elektron portal yaratdıq. Hər bir insanın aldığı aktivlə birlikdə videoçəkilişi, fotoçəkilişi və aldığı aktivin keyfiyyətinə dair sənədlər orada açıqlanır. Hər bir monitorinqin nəticəsinə dair videolar da oraya qoyulacaqdır və orada açıqlanacaqdır. Əlbəttə, bu aktivlərlə bağlı adekvat addım atmayan insanlar haqqında müvafiq tədbirlər də görüləcəkdir.

Özünüməşğulluq proqramının dayanıqlılığının gücləndirilməsi üçün növbəti addım onun istiqamətlər üzrə bölgüsünün daha da təkmilləşdirilməsi idi. Çünki birinci ildə böyük istək məhz kənd təsərrüfatına, heyvandarlığa idisə, – bizim portfelimizin 82 faizi kənd təsərrüfatına aid idi, – artıq cari ildə bu, 67 faizə düşür. İndi istehsalat və xidmət sahələri də bu işə fəal qoşulmağa başlayıbdır. Bu da, şəhər ərazilərində əhalinin özünüməşğulluğu, kiçik və mikrobiznesin inkişafı baxımından çox önəmlidir.

Çox gözəl uğur hekayələrimiz də var. Məsələn, 2018-ci ildə yaradılmış bir keçi ferması artıq çox genişlənib, əlavə on nəfər işçisi də var. Kiçik şirniyyat sexləri var ki, ciddi şəkildə genişlənib. Yəni, uğur hekayələrimiz də var. Amma qeyd etdiyiniz kimi, uğursuz hallar da, sui-istifadə halları da var ki, onlara qarşı mübarizə aparılacaqdır.

Prezident İlham Əliyev: Çox yaxşı. Biz bu işləri elə təşkil etməliyik ki, səmərəlilik əmsalı ən yüksək həddə çatsın.

Qeyri-formal məşğulluqla bağlı mənim müvafiq göstərişlərim yerinə yetirilir. Mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məruzələr edilir. Mənə verilən məlumata görə, son müddət ərzində 300 mindən çox işçi ilə əmək müqaviləsi bağlanmışdır. Yəni, bu işlər rəsmiləşdirilmişdir. Burada, əlbəttə ki, çox ciddi monitorinq tədbirləri keçirilməlidir. Bu, məsələ ilə bağlı sizə müvafiq göstərişlər verilmişdir. Eyni zamanda, sistem xarakterli, institusional tədbirlər də nəzərdə tutulur ki, qeyri-rəsmi məşğulluğun əhatə dairəsi daralsın. Əlbəttə ki, burada maarifləndirmə də xüsusi rol oynayır. Mən də bir neçə dəfə vətəndaşlara müraciət edərək demişdim ki, əgər hansısa sahibkar onlara bu formada işləmək təklif edirsə, buna razı olmasınlar, dərhal müvafiq yerli və mərkəzi icra orqanlarını məlumatlandırsınlar. Çünki əgər qeyri-rəsmi işləyəcəklərsə, sabah onların nə pensiyası, nə də sosial sığortası olacaq, xüsusilə nəzərə alsaq ki, bu ildən başlayaraq ölkə ərazisində icbari tibbi sığorta sistemi mərhələli şəkildə tətbiq olunur. Mənə verilən məlumata görə, həm pilot şəhərlərdə, həm də bu il başlanmış bu işə əhali tərəfindən çox böyük dəstək, böyük maraq var. Ona görə belə təkliflərdən vətəndaşlar özləri imtina etməlidirlər. Amma bəzi hallarda çarəsiz qalırlar. Bəzi hallarda məcbur olub sahibkarların qanunsuz təkliflərinə razılıq verir, qeyri-formal işləyirlər.

Ona görə maarifləndirmə işləri daha geniş vüsət almalıdır. Rəsmiyyətə düşməyən işçiləri işlədən sahibkarlara qarşı ciddi sanksiyalar, cərimələr tətbiq edilməlidir. Eyni zamanda, göstəriş vermişəm ki, Azərbaycanda heç kim səkkiz saatdan çox işləməməlidir. Çünki insanları istismar edirlər. Onlar da çarəsiz qalıb, məcbur olub buna razılıq verirlər. Ona görə vətəndaşlarla nazirlik arasında çox fəal canlı bağlantı olmalıdır. Siz həm öz imkanlarınızdan istifadə edərək monitorinqlər aparmalısınız, eyni zamanda, Qaynar xətlər, yaxud da digər əlaqə vasitələrilə vətəndaşlarla daim təmasda olmalısınız. Bilirəm ki, bu istiqamətdə işlər aparılır. Bilmək istərdim ki, o işlər nə yerdədir?

Sahil Babayev: Cənab Prezident, qeyri-formal məşğulluqla mübarizə fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Sizin təsdiq etdiyiniz müxtəlif fərman və sərəncamlar çərçivəsində qeyri-formal məşğulluğun azaldılması üçün ən ciddi stimullar yaradılıb. Məsələn, vergi güzəştləri tətbiq olunub, eyni zamanda, inzibati tədbirlər gücləndirilib. Bu tədbirlərin müsbət dinamikası ötən il çox ciddi şəkildə özünü göstərdi. Təkcə bir il ərzində özəl sektorda əmək müqavilələrinin sayı 100 min artdı. Həmçinin dövlət sektorunda əlavə olaraq 53 min artım oldu. Bu çox ciddi tədbirlər nəticəsində əməkhaqqı fondu birbaşa 42 faiz artdı. Bu, əməkhaqqı fondunda 42 faiz leqallaşma deməkdir. Bu, həm iqtisadiyyata, həm pensiya-sosial təminatına, həm də kölgə iqtisadiyyatının azaldılmasına ciddi dəstəkdir. Bu müsbət dinamika davam edir. Mən bu günə olan statistikaya əsasən deyə bilərəm ki, yanvarın 1-i ilə bu gün arasında əmək müqavilələrinin sayında 19 min 400 artım var.

Prezident İlham Əliyev: Əlavə?

Sahil Babayev: Bəli, əlavə olaraq. Əməkhaqqı fondunda da 5 faizlik artım var. Cənab Prezident, özəl sektorda bu müsbət dinamika davam etdiyi təqdirdə, bunun həm iqtisadi səmərəsi çox geniş olacaqdır, eyni zamanda da vətəndaşların sosial təminatı güclənəcəkdir.

Bu istiqamətdə təbliğatla bağlı çoxsaylı videoçarxlar çəkilib, çoxsaylı pres-relizlər təqdim olunub. Şəhərin müxtəlif yerlərində bannerlər yerləşdirilib. Ötən il 50-dən artıq tədbir keçirilib, builki proqramımızda isə 100-dən çox tədbirin təşkili nəzərdə tutulur. Müxtəlif rayonlardan, regionlardan işəgötürənlər, həmkarlar ittifaqlarının nümayəndələri dəvət olunaraq onlarla ciddi təbliğat işləri aparılacaq. Paralel olaraq “Çağrı” mərkəzimiz tam gücü ilə işləyir. Ötən il 280 min müraciət qəbul etmişik. Ehtimal edirik ki, bu il bizim “Çağrı” mərkəzimiz 400 mindən çox müraciət qəbul edəcək. Biz müraciət və şikayətlərə, ilk növbədə, ətraflı izahat veririk. Pozuntularla bağlı işəgötürənlərə xəbərdarlıqlar göndəririk. Xəbərdarlıqlara riayət etməyənlərə cərimələr tətbiq edirik.

Cənab Prezident, məruzə edim ki, Sizin müvafiq fərman və sərəncamlarınızla minimum əməkhaqqı artdıqdan sonra bir ay ərzində təqribən 300 mindən çox şəxsin əməkhaqqı hələ də əvvəlki kimi qalmışdı. Onlarla ciddi təbliğat işləri apardıq, elektron xəbərdarlıq göndərdik, cərimələr barədə məlumat verdik. Nəticədə qısa müddət ərzində 300 min rəqəmi 50 mindən aşağı düşdü. Beləliklə 250 min insanın əmək müqavilələrində müvafiq düzəlişlər edildi. Bu işlər mütəmadi və davamlı olaraq aparılacaq. Əlbəttə, xəbərdarlıqlara məhəl qoymayan, bildirişləri nəzərə almayan işəgötürənlərlə bağlı ciddi tədbirlər görüləcək.

Prezident İlham Əliyev: Çox yaxşı. Bundan sonra da bu məsələyə xüsusi diqqət göstəriləcək. Elə etməliyik ki, bizim bu təşəbbüsümüz maksimum dərəcədə reallaşsın və qeyri-formal məşğulluq ən aşağı səviyyəyə düşsün. Hesab edirəm ki, kompleks tədbirlər nəticəsində biz buna nail olacağıq.

Bu il də DOST mərkəzlərinin tikilməsi nəzərdə tutulur. Keçən il biz iki mərkəzin açılışını etdik. Mən şəxsən açılışlarda iştirak etmişəm. Bu mərkəzlərdən biri keçən ilin may ayından fəaliyyətdədir, nə qədər müraciət olub? Bəyənmə əmsalı hansı səviyyədədir? Bu il neçə mərkəzin və nə vaxt tikilməsi nəzərdə tutulur? Məlumat verin.

Sahil Babayev: Cənab Prezident, may ayından etibarən fəaliyyət göstərən birinci mərkəzimiz və dekabrdan etibarən fəaliyyət göstərən ikinci mərkəzimiz üzrə bu günədək birlikdə 81 min müraciət qəbul edilib. Vətəndaşların məmnunluq səviyyəsi 95,8 faizdir. Sizin müvafiq fərman və sərəncamlarınızla yaradılmış DOST Agentliyi – DOST mexanizmi öz uğurunu təsdiq edir. Vətəndaşlar bu mexanizmdən çox razıdırlar. Hər bir rayondan bizə müraciətlər gəlir ki, bu şəbəkə sürətli şəkildə genişləndirilsin. Sizin dəstəyinizlə artıq 8 yeni mərkəz üzərində iş aparılır. Onlardan biri yaxın günlərdə açılış üçün hazır olacaqdır. Bu 8 mərkəzdən ikisi Bakıda, digərləri Abşeronda, Sumqayıtda, Qubada, Bərdədə, Şəkidə və Sabirabadda yaradılacaq. Regional DOST mərkəzlərində əlavə olaraq peşə hazırlığı mərkəzi komplekslərinin də yaradılması nəzərdə tutulur. Bu mərkəzlərdə müraciət edən işsiz və işaxtaran vətəndaşlarımızın peşə hazırlığı təmin olunacaq. DOST mərkəzi fəaliyyətə 90 xidmətlə başlamışdı. Sizin dəstəyinizlə xidmətlərin sayı əvvəlcə 126-ya, sonra isə 132-yə qədər artdı. Biz düşünürük ki, yeni məşğulluq xidmətləri də buraya əlavə edildikcə, bu mexanizm təkcə sosial təminat yönümlü deyil, eyni zamanda, məşğulluq və əmək münasibətləri baxımından da geniş nəticə əldə edəcəkdir. “Çağrı” mərkəzi də DOST mərkəzlərinə inteqrasiya olundu. Ona görə də, orada bizim ciddi şəkildə artımımız meydana çıxdı və qısa müddət ərzində artıq Azərbaycanda ən çox istifadə olunan “Çağrı” mərkəzlərindən birinə çevrildi.

Prezident İlham Əliyev: Çox yaxşı. Bu proqram doğrudan da bu sahədə dönüş nöqtəsi oldu. Hesab edirəm ki, bu sahədə göstərilən xidmətlərin təkmilləşdirilməsi inqilabi xarakter daşıyır. Təbii ki, vətəndaşların məmnunluğu da yüksək səviyyədədir. Ona görə mən soruşdum ki, bəyənmə əmsalı hansı səviyyədədir – 95 faiz, əlbəttə ki, yeni yaradılmış xidmət üçün çox yüksək nəticədir. Hesab edirəm ki, gələcəkdə bu mərkəzlərin həm regional xarakter daşıması, eyni zamanda, funksiyaların, xidmətlərin artırılması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsi, səmərəsi daha da yüksələcək. Beləliklə, Azərbaycan bu sahədə də öz intellektual məhsulu ilə fərqlənəcək. Necə ki, bu gün “ASAN xidmət” mərkəzləri bizim intellektual brendimizdir və artıq digər ölkələr bu təcrübədən yararlanırlar, hesab edirəm ki, vaxt gələcək digər ölkələr də DOST mərkəzlərində göstərilən xidmətləri əsas götürərək belə sistemin yaradılmasına nail olacaqlar. Biz də istənilən tərəfdaşla bu istiqamətdə işləməyə hazırıq. Əgər sizə bu məsələ ilə bağlı hansı ölkələrdən müraciət olunarsa, əlbəttə ki, məsləhətləşmə əsasında müvafiq məlumatları verə bilərsiniz.

Bir məsələ də çox ciddi xarakter daşıyır. Neftin qiymətinin kəskin düşməsi nəticəsində təbii ki, biz dövlət investisiyalarını kəskin ixtisar etdik. Bunun nəticəsində işsizliyin səviyyəsi artmışdır. Bu da təbiidir. Çünki işsizliyi aşağı səviyyədə saxlamaq üçün dövlət bütün mexanizmlərdən istifadə edir. Əgər biz görsək ki, özəl sektorda haradasa işlər ixtisar olunur, əlbəttə, mənim göstərişimlə dövlət dərhal öz sözünü deməlidir. 2015-2016-cı illərdən başlayaraq mənim tapşırığımla ödənişli ictimai işlər yaradılmışdır. Bu işlərin yaradılmasının əsas səbəbi işsiz qalan vətəndaşları işlə təmin etməkdir. Mənim göstərişimlə bu proqramla əhatə olunan vətəndaşların sayı ildən-ilə artaraq, son məlumata görə, 38 min ödənişli iş yeri yaradılmalı idi. Bu məqsədlər üçün dövlət büdcəsində 10 milyonlarla manat vəsait nəzərdə tutulur. Göstəriş vermişdim ki, bu məsələyə çox ciddi nəzarət olunsun. Xüsusilə bölgələrdən gələn siqnallar bu nəzarətin tətbiqinə, əlbəttə ki, imkan yaratmışdı. Çünki bəzi hallarda insanların əməkhaqları verilmirdi, ödəniş kartları icra başçıları tərəfindən qanunsuz olaraq götürülürdü, mənimsənilirdi və s. Belə siqnallar ciddi şəkildə araşdırılmışdır. Bu və buna oxşar cinayətləri törədənlərə qarşı çox ciddi cəza tədbirləri tətbiq edildi. Mən bütün yerli icra orqanlarının nümayəndələrinə xəbərdarlıq etmişdim. İndi isə onların bir neçəsi məsuliyyətə cəlb edildi. Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində onların cinayətləri tam sübuta yetirildi. Əlbəttə ki, indi istintaq gedir, məhkəmə prosesi olacaqdır, ancaq videogörüntülər hər şeyi açıq-aydın göstərir. Bu biabırçı kadrlar, biabırçı davranış bizim üçün böyük ləkədir. Mən bu adamlara etibar etmişəm. Mən bu adamları vəzifəyə təyin etmişəm və vəzifəyə təyin edilərkən bir çox tapşırıqlar, tövsiyələr vermişəm. Onların arasında ən vacibi o idi ki, get təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, təkəbbürlü olma, vətəndaşlara dayaq ol, arxa ol, kəndləri gəz, bütün vətəndaşlarla ünsiyyətdə ol. Amma nəyi görürük? Onu görürük ki, bütün bu tapşırıqlara rəğmən, bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib. Onların dövlət mülkiyyətini talaması, sahibkarları incitməsi, sahibkarlardan pul alması, hər bir təyinata görə pul alması, məktəb direktorlarından, xəstəxanalardan aylıq haqq alması allahsızlıqdır və onlar bu cinayətlərə görə cavab verəcəklər. Biz işsiz qalan vətəndaşlar üçün şərait yaradırıq ki, onlar evinə çörək pulu aparsın. O da böyük məbləğ deyil, minimum əməkhaqqı səviyyəsindədir. İndi minimum əməkhaqqı artıb, ona görə bu vətəndaşlar daha böyük məbləğ alırlar. Amma bəzi hallarda bu pullar mənimsənilir. Yaxud da Neftçala rayonundakı cinayətkarlıq hadisəsi barədə mənə məlumat verildi ki, ödənişli işlə təmin edilən 73 nəfəri öz təsərrüfatlarında qul kimi, nökər kimi işlədirdi. Bu, nədir? Ağadır, bəydir, xandır? İndi bütün ölkə ona nifrət edir, onun və onun kimilərin biabırçı hərəkətlərinə görə. Hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu eşitmədilər, ikinci hadisə oldu eşitmədilər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər. Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq.

Mən sizə göstəriş vermişdim ki, sizin nazirlik çox ciddi monitorinq, uçot aparsın. Onu da bilirəm ki, siz bu uçotu tətbiq etməyə başlayanda yerli icra orqanları tərəfindən böyük müqavimətlə rastlaşdınız. Sizə qarşı təxribatlar törədildi, eyni zamanda, mətbuatda çirkin kampaniyalar aparıldı. Biz bu kampaniyanın sifarişçilərini də yaxşı tanıyırıq. Onların bizim aramızda yeri yoxdur. Ona görə nazirlik tərəfindən bütün bu işlər tam nəzarətə götürülməlidir. Hazırda vəziyyət nə yerdədir, bu il neçə min vətəndaş bu işlərlə təmin edilib və nəzarət mexanizmi nədən ibarətdir?

Sahil Babayev: Möhtərəm cənab Prezident. Siz çox doğru buyurdunuz, 38 min nəfərin işlə təmin olunması həm işsizlik, həm də məşğulluq baxımından insanlarımız üçün böyük dəstəkdir. Eyni zamanda, regionlarımızda əlavə işçi qüvvəsi resurslarının cəlb edilməsi də bir çox mövcud problemlərin həllinə dəstəkdir. Bununla bağlı yaradılmış DOST iş mərkəzi vasitəsilə ötən il 38 min işçi cəlb edildi.

Sizin tapşırığınızla biz monitorinqləri tətbiq etdik. Monitorinqlər nəticəsində, ümumilikdə, il ərzində 9 min kənarlaşma müəyyən edildi. Bununla bağlı biz həm yerli icra hakimiyyətlərinə, həm də aidiyyəti strukturlara məlumat verərək onları kənarlaşdırdıq. Ümumiyyətlə, 38 min əvəzinə 47 min təyinat oldu. Düzdür bunlardan bir qismi müəyyən obyektiv səbəblərdən, – vətəndaş başqa iş tapıb, oraya müraciət edirdi, – amma böyük əksəriyyəti məhz monitorinqlər nəticəsində kənarlaşmaların müəyyən edilməsi ilə bağlıdır. Bundan əlavə, ictimai şəffaflığın təmin edilməsi üçün hər rayon üzrə ictimai işlərə cəlb edilmiş şəxslərin adlı siyahısı internet portalına yerləşdirilib. Biz dəfələrlə həm mətbuata, həm də vətəndaşlara müraciət etmişik ki, burada ictimai şəffaflıq və ictimai nəzarət tam təmin edilir. İstənilən mənfi fakt haqqında bizə məlumat versinlər və onların əsasında da bu işlər davam etdirilsin. Sizin tərəfinizdən atılan qətiyyətli addımlardan sonra xeyli irəliləyiş var. Bir çox istiqamətlərdə həqiqətən də biz dinamikanın çox müsbət olduğunu görürük. Bəzi hallarda təmizləmə prosesi müəyyən qədər çətinliklə, lakin tam şəkildə gedir. Eyni zamanda, biz vətəndaşların kənarda qalmaması üçün də davamlılığı təmin etməyə çalışdıq. Çünki 38 min şəxsin dekabr ayında işdən azad olunması, yanvar ayında təkrar 38 min əmək müqaviləsinin imzalanması kifayət qədər vaxt apara, onların əməkhaqqını bir ay itirməsinə səbəb ola bilərdi. Ona görə davamlılığı təmin etdik. Mən xüsusi vurğulamaq istərdim ki, təyin etdiyiniz bir çox yeni icra başçıları tərəfindən ciddi monitorinq və inventarlaşdırma aparılıb. Bizə təqdim olunan siyahılardan haqsız şərtlər çıxarılıb.

ƏvvəlkiXalq artisti Rəfael Dadaşov vəfat edib
NövbətiBaş Prokurorluqdan koronavirus açıqlaması