Prezident İlham Əliyev yeni hərbi zəfərlərin sərkərdəsi olacaq

Sosial-iqtisadi qüdrəti ilə dünya miqyasında möhtəşəm uğur nümunəsi yaradan Azərbaycanın yaşadığı dinamik tərəqqi Silahlı Qüvvələrimizə də sirayət edərək onun dünyanın ən güclüləri sırasında yer almasına rəvac verib. Bu gün ordumuz istər döyüş qabiliyyətinin yüksək olması, istərsə də şəxsi heyətdən tutmuş maddi-texniki təminata qədər əldə etdiyi nailiyyətlərlə dünya liderləri sırasında yer almağı bacarıb. Elə bu səbəbdəndir ki, ordumuz yağı düşməni də getdikcə daha çox lərzəyə salır, təcavüzkar istənilən an ən sərt zərbəni ala biləcəyini yaxşı dərk edir.

Ordusuna tam güvənən hər bir Azərbaycan vətəndaşı, elə dünya ictimaiyyəti də çox yaxşı bilir ki, işğal altındakı ərazilərin azad olunacağı gün uzaqda deyil. Elə işğalından artıq 26 il ötən Kəlbəcər rayonunun da yağı tapdağından qurutulacağı zəfər gününə çox qalmayıb. Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyü olan Kəlbəcərin zəbt edilməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Məhz bu səbəbdən xalqımız, o cümlədən doğma yurd həsrəti çəkən Kəlbəcər sakinləri əsas ümidlərini müzəffər Azərbaycan Ordusuna bağlayıblar. Bu ordu isə yağı düşməni hər an tar-mar edə biləcəyini 2016-cı ilin məlum Aprel döyüşlərində çox aydın şəkildə isbata yetirib.

Bu gün Azərbaycan Ordusunun Aprel zəfərindən 3 il ötür. Hər bir Azərbaycan gəncinin vətənpərvərlik hisslərini daha da gücləndirən, ordumuza olan inamı artıran bu döyüşlər hələ uzun illər yaddaşlardan silinməyəcək. Silahlı Qüvvələrmizin o vaxt endirdiyi sarsıdıcı zərbədən hələ də özünə gələ bilməyən düşmən üzərində şanlı qələbə Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, əzminin yüksək olduğunu nümayiş etdirdi. Məhz Aprel döyüşləri Ermənistana, onun himayədarlarına, bütövlükdə dünyaya dövlətimizin və ordumuzun gücünü bir daha göstərdi.

Bu döyüşlər eyni zamanda xalqımızın birliyinə, həmrəyliyinə, vətənpərvərliyinə, Azərbaycanın heç vaxt işğalla barışmayacağına, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğuna dair işğalçı tərəfə çox aydın mesajlar verilməsi ilə də yadda qaldı. Aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı qələbə ölkəmizin bütün vətəndaşları kimi, biz kəlbəcərlilərin də böyük ruh yüksəkliyinə səbəb oldu. Bir daha bəlli oldu ki, lazım gələndə Azərbaycan əsgəri əsl peşəkarlıq, intizam, yüksək döyüş ruhu nümayiş etdirərək düşmənin layiqli dərsini verməyə tam hazırdır.

Məhz Aprel döyüşlərindən sonra erməni ordusu Azərbaycan Silahlı Qüvvələrindən dəfələrlə zəif olduğuna dair deyilənlərin tam həqiqəti əks etdirdiyini aydın gördü. Bu müharibənin gedişində “güclü erməni ordusu” mifinin sadəcə nağıllardan ibarət olduğu üzə çıxdı. Həmin dörd günlük müharibə doğma torpaqlar uğrunda mübarizənin mühüm bir hissəsi olmaqla yanaşı, həm də işğal altındakı ərazilərin azad edilməsinin başlanğıcı oldu. Çünki məhz bu döyüşlərlə Füzuli və Cəbrayıl rayonlarında, eyni zamanda, Ağdərə rayonunda bir çox strateji yerlər işğalçılardan azad olundu. Zirvəsində üçrəngli bayrağımızın dalğalandığı Lələtəpə ərazisindən düşmən işğalı altında qalan on minlərlə hektar torpağa ordumuz tam nəzarət edir.

Aprel döyüşlərinin davamı olaraq məşhur Günnüt əməliyyatı ilə də verilən dərsləri düşmən yaddan çıxarmayıb. Xatırladaq ki, Əlahiddə Ümumqoşun Ordusunun bölmələri uğurlu əks-həmlə ilə düşməni Şərur rayonunun işğal altındakı Günnüt kəndindən çəkilməyə məcbur etdi. “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Xunut dağı və Mehridağı azad olundu, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Artıq bu yüksəkliklərdən ordumuz Yerevan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yolu və bir neçə ətraf yaşayış məntəqəsinə nəzarət edir.

Çox tezliklə işğal altındakı digər ərazilər üzərində də tam nəzarəti həyata keçirəcəyimizə heç bir şübhə yoxdur. Bu möhtəşəm missiyanı Azərbaycan Ordusu tam şəkildə həyata keçirmək iqtidarındadır.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də çox aydın şəkildə vurğulayır ki, bu gün ordumuz həm döyüş qabiliyyəti, vətənpərvərlik ruhu və maddi-texniki təminat baxımından dünya miqyasında güclü ordular sırasındadır və lazım gələrsə, ərazi bütövlüyümüzü bərpa edəcək: “Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır”.

Buna hər bir Azərbaycan vətəndaşı qəti surətdə əmindir və qələbə səadətinin qeyd olunacağı günün uzaqda olmadığını da çox yaxşı bilir.

Həbib MİSİROV,
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini

ƏvvəlkiAzərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub
NövbətiTramp növbəti seçki kampaniyasındakı şüarını açıqlayıb