Portuqaliya – Almaniya oyununda 6 qol vurulub

İyunun 19-da futbol üzrə Avropa çempionatının F qrupunda yer alan Portuqaliya və Almaniya yığmaları qarşılaşıblar.

AZƏRTAC xəbər verir ki, Budapeştdəki “Puşkaş Arena”da oynanılan görüş 1:1 hesabı ilə başa çatıb.

Münxen şəhərinin eyniadlı stadionunda baş tutan görüş Almaniya millisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı Portuqaliya millisi açıb. Kriştiano Ronaldo fərqlənib – 1:0.

Birinci hissənin sonlarında Almaniya yığması (35-cı, 39-cu) ardıcıl iki dəfə fərqlənib – 1:2. Hər iki qolu portuqaliyalıların futbolçuları öz qapılarına göndərib. Müvafiq olaraq Ruben Dias və Rafael Gerreyro avtoqola imza atıb.

Qarşılaşmanın ikinci hissəsinə daha üstün başlayan almanlar matçın 51-ci dəqiqəsində hesab arasındakı fərqi artırıblar. Robin Qossensin ötürməsini Kay Havetz qola çevirib – 1:3. Oyunun 60-cı dəqiqəsində Almaniya seçməsi yenidən fərqlənməyə nail olub. Robin Qossens adını tabloya yazdırıb – 1:4. Bu da oyunda son qol olmayıb. Matçın 67-ci dəqiqəsində Portuqaliya millisi hesab arasındakı fərqi iki topa azaldıb. Kriştiano Ronaldonun cinah ötürməsindən topa hamıdan tez yetişən Dieqo Jota rəqin qapısını məyus edib – 2:4.

Komandaların cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə qapılara top vurulmayıb və oyun Almaniya millisinin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qrupun digər oyununda Fransa millisi gözlənilmədən Macarıstan seçməsi ilə heç-heçə edib – 1:1.

Çempionatın “ölüm qrupu” adlandırılan F qrupundakı birinci oyunda Portuqaliya Macarıstan yığmasını (3:0), Fransa isə Almaniya seçməsini məğlub edib (1:0).

Xatırladaq ki, günün sonuncu görüşündə E qrupunda yer alan İspaniya və Polşa komandaları üz-üzə gələcəklər. Bununla da “Avro-2020”nin qrup mərhələsinin ikinci turuna yekun vurulacaq. Qrup mərhələsinin üçüncü turuna iyunun 20-də Bakı vaxtı ilə saat 20:00-da paralel başlayacaq İtaliya–Uels və İsveçrə-Türkiyə oyunları ilə start veriləcək. İsveçrə-Türkiyə qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Səkkizdəbir finala yüksəlmək şanslarını saxlaya bilməsi üçün Türkiyə yığmasına mütləq qalib gəlmək lazımdır.

Bakı iyulun 3-də Avropa çempionatının dörddəbir final mərhələsinin bir oyununa da ev sahibliyi edəcək.

ƏvvəlkiAzərbaycan XİN beynəlxalq insan hüquqları təşkilatlarına çağırış edib
Növbətiİlham Əliyev İranın yeni seçilən prezidentini təbrik edib