Poeziyaya bağlı ömür

2022- ci ilin avqust ayının 22 – də Kürdəmir Regional Mədəniyyət İdarəsinin Kürdəmir rayon Mərkəzi Kitabxanasında XX əsr Azərbaycan lirikasının ən görkəmli simalarından biri Mirvarid Dilbazinin 110 illik yubileyi ilə əlaqədar “Poeziyaya bağlı ömür” adlı dəyirmi masa təşkil edildi. Tədbiri giriş sözü ilə MKS –nin direktoru İradə Mahmudova açaraq qeyd etdi ki, poeziyaya bağlı ömrünü ədəbiyyatımızın daha da zənginləşməsinə həsr edən Azərbaycan görkəmli şairəsi Mirvarid Dilbazi özündən sonra çox zəngin irs qoymuşdur. Onun şeirləri milli-mənəvi dəyərlərimizin mayasından qidalanmış və şairəyə böyük şərəf gətirmiş, el məhəbbəti qazanmışdır.

Tədbirdə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin üzvü, şairə Yadigar Təvəkül, şairə Tənzilə Əliyeva, Mərkəzi Kitabxananın şöbə müdiri Şahnaz Məcidova, baş kitabxanaçı Məhinə Şirəliyeva Mirvarid Dilbazinin zəngin irsindən söz açdılar. Çıxış edənlər bildirdilər ki, əsərlərində sülhü, humanizmi, məhəbbəti, təbiəti tərənnüm edən şair əslində ağır həyat yolu keçmiş, üç müharibənin (I və II Dünya müharibələri, Qarabağ müharibəsi) şahidi olmuş və bütün bunlar onun yaradıcılığında dərin iz buraxmışdır. Ömrünün ahıl yaşında Ermənistanın ölkəmizə qarşı işğalçılıq müharibəsinin doğurduğu faciələri ürək ağrısı ilə izləyən Mirvarid Dilbazi qələmini süngüyə çevirmiş, onun yazdığı əsərlər qaçqın və məcburi köçkünlərin yaralarına məlhəm olmuşdur.

Qeyd olundu ki, Mirvarid Dilbazinin yaradıcılığında uşaq şeirlərinin və tərcümələrin də xüsusi yeri var.

Mirvarid Dilbazinin yazdığı lirik poeziya nümunələri dövrünün tanınmış bəstəkarlarının diqqətini cəlb etmiş, sözlərinə bir çox əsərlər bəstələnmişdir.

Əsərləri sevilə-sevilə oxunan ədibin yaradıcılığı layiqincə qiymətləndirilmişdir. O, hələ sovet dövründə “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı” ordenlərinə, Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Azərbaycanda ilk qadın şair olaraq Xalq şairi fəxri adlarına layiq görülmüş, müstəqillik dövründə isə “İstiqlal” ordeni ilə təltif olunmuşdur.

Tədbirdə iştirakçılara “Mirvarid Dilbazi – 110” adlı kitab sərgisi, “Poeziyaya bağlı ömür” adlı videoçarx və şairənin sözlərinə bəstələnmiş mahnılar təqdim olunmuşdur.